Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-16 14:23:00
Döyüşdə də müəllimlik edən qəhrəman - FOTOLAR
"Tarixi "Dünənim, bu günüm, gələcəyim” prinsipi ilə uşaqlara sevdirməyi bacaran insan idi. Çağırış gələn günü onunla xeyli dərdləşdik. Dedi ki, darıxmayın, tezliklə qələbə ilə qayıdacağam”.
 
Yaxınları deyirlər ki, o, iyul hadisələrindən sonra  özünə yer tapa bilmirdi. Daim cəbhə xəbərlərini izləyir, bu hadisələrdən danışırmış. Elə həmin günlərdə könüllü xidmətə yazılmaq üçün hərbi komissarlığa müraciət edir. İkinci Qarabağ Savaşı başlayanda ordu sıralarına çağırılan ilk döyüşçülərdən olur. Söhbət şəhid Famil Əhmədzadədən gedir.
 
 
Haqqında məlumat
 
Qeyd edək ki, Famil Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri, Xətai rayonunda anadan olub. 1982-ci ildə İsmayıllı şəhər 3 saylı tam orta məktəbə birinci sinfə gedib. 1992-ci ildə məktəbi bitirdikdən sonra Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsinə daxil olub. 1997-ci ildə təhsilini başa vurduqdan sonra 3 saylı tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayır. 1999-cu ilin fevralında zabit kimi Naxçıvana hərbi xidmətə gedir. 2000-ci ildə tərxis olunduqdan sonra İsmayıllı şəhər 3 saylı tam orta məktəbdə müəllim kimi fəaliyyətini davam etdirir.
 
 
Famil Əhmədzadə İkinci Qarabağ Savaşında sentyabrın 30-dan döyüşə qatılır, oktyabrın 14-ü Talış-Suqovuşan istiqamətindəki yüksəkliklər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 3-ü İsmayıllıda Şəhidlər xiyabanında dəfn edilib. Prezidentin sərəncamı ilə "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Şəhid Famil Əhmədzadənin şəhadətinin ildönümü ərəfəsində onu tanıyanlarla həmsöhbət olduq.
 
 
"Dedi ki, qələbə ilə qayıdacağam”
 
Müəllim dostu Çingiz Muradlının sözlərinə görə, o, tarix fənnini sevdirmək üçün əlindən gələni edirdi: "Famil Əhmədzadə həm müəllim ordusunun əsgəri, həm də Vətən müharibəsi dövründə Azərbaycan silahlı qüvvələrinin baş leytenantı olub. Azərbaycanda onun hazırda minlərlə şagirdi var. Tarixi "Dünənim, bu günüm, gələcəyim” prinsipi ilə uşaqlara sevdirməyi bacaran insan idi. Çağırış gələn günü onunla xeyli dərdləşdik. Dedi ki, darıxmayın, tezliklə, qələbə ilə qayıdacağam”.
 
 
İdeal insan və müəllim
 
Şagirdi Zərəfşan Səfərli bildirir ki, sadəcə müəllimini yox, ailə üzvü qədər sevdiyi insanı itirib: "Hər birimizi övladı kimi qəbul edirdi, biz də onu ailə üzvümüz kimi bilirdik. Sinfə daxil olanda birinci şagirdləri ilə maraqlanır, sonra dərsə başlayırdı. Valideynlərini itirmiş uşaqlara ödənişsiz məşğələ keçirdi. Şagirdlərinə həmişə dəstək olurdu, deyirdi ki, sualların hamısını düzgün yazmalısan, çünki sən mənim şagirdimsən. Famil müəllimi tanıdıqdan sonra bildim ki, həyatda həm ideal insan, həm də müəllim var. Mən hələ də inana bilmirəm ki, artıq yoxdur və onu bir daha görməyəcəyik”. 
 
 
"Torpağımız düşməndə qalmamalıdır”
 
Zərəfşan Səfərlinin sözlərinə görə, Famil müəllim vətənpərvərliyi ilə bütün şagirdlərinə nümunə idi: "Qarabağın azad olunması ilə bağlı tez-tez bizimlə danışırdı. Deyirdi ki, torpağımız düşməndə qalmamalıdır, biz onu azad edəcəyik. İçində inam var idi. Hər kəsdə vətən sevgisi yaratmağa çalışırdı. Onunla bağlı bir şey heç yadımdan çıxmır. Otağında sağ hissədə bayrağımız var idi və oranı təmizləyəndə heç vaxt çıxarmağa icazə verməzdi. Deyərdi ki, "Bayraq bu otaqdakı ən təmiz əşyadır”. Vətən haqqında olan layihələrdə həmişə adını görərdik. Torpaqlarımızın işğal olunduğu günlərdə həmişə bizə məlumatlar verir, danışanda isə kədərlənirdi. O əraziləri görməyi çox istəyirdi. Həmin yerlərdə şəhadətə yüksələrək arzusuna çatdı”.
 
 
"Mütləq nə isə edib önə keçəcək”
 
Qardaşı İlqar Əhmədli deyir ki, Famillə döyüşdə olduğu müddətdə hər gün əlaqə saxlayıb. Ancaq valideynləri narahat olmasın deyə döyüşdə öndə olduğunu onlardan gizlədib: "Döyüşdə olduğu müddətdə hər gün imkan tapdıqca əlaqə saxlayırdı. Bilirdi ki, ona görə narahatıq. Valideynlərimizin narahat olmasını istəmirdi. Tapşırırdı ki, valideynlərimə ön cəbhədə olduğumu demə. Amma onu tanıyan hamı əmin idi ki, arxada dayana bilməz, mütləq nə isə edib önə keçəcək”.
 
 
"Bu, bizim zəfər döyüşümüz olacaq”
 
Döyüş yoldaşı, baş leytenant Rövşən Quliyev bildirir ki, Famil çox yüksək əhval-ruhiyyə ilə döyüşə qatılmışdı: "29 sentyabrda onunla hərbi hissədə görüşmüşük. İlk gəldiyi gündən tabeliyinə şəxsi heyət ayrıldı. Daim əsgərləri ilə söhbət aparırdı, deyirdi ki, bu, bizim zəfər döyüşümüz olacaq”.
 
 
R.Quliyev bildirdi ki, Famil müəllim əsgərlərini övladı kimi görür və onları özündən üstün tuturdu: "Tabeliyindəki əsgərlərin çoxu yaşca ondan kiçik idi. Hamısına övladı kimi baxırdı. Bununla bağlı orda çox hadisələrin şahidi oldum. Elə sonuncunu deyim. 14 oktyabrda, səhər saat 6-da Suqovuşan-Ağdərə istiqamətində döyüşə girdik. Famil müəllim də taqım komandiri vəzifəsini icra edir, sağ cinahda əsgərlərinə hücum əmri verirdi. Tapşırığı icra edən zaman müəllimin qəlpə yarası aldığını görüb sürünərək ona yaxınlaşdım. Dediyi son sözlər bu oldu: "Mən özüm çıxacağam, sən şəxsi heyətimi arxaya çək”. Famil müəllim çıxmaq istəyərkən snayper gülləsi ilə şəhid oldu”.
 
Kaspi.az