Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-14 17:45:00
“Səriştə əsaslı müsahibələrin təşkili” qaydaları ilə bağlı təlim keçirilib

Beynəlxalq ekspertlər DİM-in əməkdaşları üçün səriştələrə əsaslanan müsahibələrin keçirilməsinə dair təqdimat edib, praktik şəkildə nümunə göstəriblər

 

AzEdu.az xəbər verir ki ,13 oktyabr 2021-ci il tarixində SIGMA ekspertləri tərəfindən Dövlət İmtahan Mərkəzinin dövlət qulluğunda vakant vəzifələrin tutulması məqsədilə müsahibə komissiyasında mütəmadi olaraq iştirak edən əməkdaşları üçün onlayn təlim keçirilib.
 

Təlimin keçirilməsində əsas məqsəd iştirakçıları səriştəyə əsaslanan qiymətləndirmə müsahibələri, o cümlədən müsahibələrin məqsədləri, digər qiymətləndirmə müsahibələrindən fərqli və üstün cəhətləri, çətinliklər və müsahibə texnikası ilə tanış etmək olub.

 

Tədbirdə səriştələrə əsaslanan müsahibələrin keçirilməsinə dair təqdimat, həmçinin 2 səriştə sahəsi üzrə müsahibə üslubunun praktik nümayişi təqdim edilib.

 

Təlim SIGMA-nın təcrübəli ekspertləri olan Aine Gray və Pádraig Love tərəfindən keçirilib.

 

Təlimdə iştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.

 

Xatırladaq ki, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə DİM SIGMA ekspertləri və pilot layihənin seçilmiş dövlət orqanları (İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Apellyasiya Məhkəməsi) ilə birgə dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” layihəsini həyata keçirir.