Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-23 14:05:00
MİQ-in Respublika birincisi – “Azyaşlı övladlarıma görə çox yaxşı nəticə göstərməli  idim”

 

 

 

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin növbəti günündə - 22 iyulda Azərbaycan dili və ədəbiyyat, həmçinin, Alman dili müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində 3 müdavim yüksək nəticə əldə edib.

 

 

AzEdu.az həmin şəxslərlə ünsiyyətdə olub və onların təəssüratlarını öyrənib:

 

 

Səma Əlizadə Alman dili üzrə həmin günə olan ən yüksək nəticəni-55 balı toplayıb:

 

 

O, 31 oktyabr 1995-ci ildə Şəmkir rayonun Qədim qala kəndində anadan olub. 2013-cü ildə Elbəyi Qasımov adına Qədim qala kənd orta məktəbini bitirib. Həmin il 559 balla Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsinin Alman dili müəllimliyi ixtisasına qəbul olub. 2017-ci ildə universiteti bitirib. 

 

 

“Ötən il MİQ-də 51 bal topladım və Beylaqan rayon Qaradağlı kənd Aqil Budaqov adına tam orta məktəbdə işlə təmin olundum.  Bu il isə 55 ballıq nəticə əldə etdim.

 

 

İmtahan çox şəffaf keçdi. Xüsusi ilə nəzarətçilərin bizə qarşı göstərdikləri anlayış və xoş münasibət üçün onlara minnətdarlığımı bildirirəm. Test sualları  mənim üçün o qədər də mürəkkəb deyildi”. 

 

 

Müdavim gələcək fəaliyyətindən söz açıb:

 

 

“Gələcəkdə müasir təhsil standartlarına uyğun dərs keçmək istəyirəm. Mən tədris zaman  dərs vəsaitləri ilə kifayətlənmirəm. Əlavə resurslardan da istifadə edirəm. Uşaqları motivasiya etmək üçün əlavə vasitələrdən istifadəyə üstünlük verirəm. Mənim üçün ən vacibi məqam odur ki, dərsim şagirdlər üçün sıxıcı olmasın. Bu il olan fəaliyyətimdə də bunu nail oldum. 

 

 

İxtisasımda daim özümü inkişaf etdirməyə çalışıram. İdeal müəllim elə olmalıdır ki, şagird həmin müəllimin fənnində saatının necə gəlib-keçdiyini hiss etməsin. Bundan əlavə müəllim texnoloji avadanlıqlardan istifadəyə də hakim olmalıdır.  Bir sözlə, müəllim öz fənnini şagirdə sevdirməlidir. Şagirdlərlə ünsiyyətdə diqqətli olmaq lazımdır. Onların hər birinə fərdi yanaşmaq vacibdir”.

 

 

Arzu Kərimova Azərbaycan dili və ədəbiyyat üzrə 60 ballıq nəticə göstərib:

 

 

O, 1986-cı ildə Şirvan şəhərində anadan olub. 1993-cü ildə Şirvan şəhər 18 nömrəli tam orta məktəbədə təhsil həyatına başlayıb. 2004-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialına qəbul olub. Azərbaycan Müəllimlər İnstitutunu bitirdikdən sonra 2008-ci ildə təyinatla Hacıqabul rayon Cavad Cavadov adına Atbulaq kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. Hazırda həmin məktəbdə fəaliyyətini davam etdirir.

 

 

“2015-ci il müəllimlərin diaqnostik qiymətləndirməsində 53 bal topladım. 2018-ci ildə MİQ-də 45, 2019-cu ildə isə  55 ballıq nəticə əldə etdim. 2020-ci ildə işləyən müəllimlərə icazə verilmədiyi üçün imtahanda iştirak edə bilmədim. Kurikulumdan online dərslərinə qoşulurdum, ixtisasdan isə özüm hazırlaşdım. Hədəfim 60 bal yığmaq idi. Allaha şükürlər olsun niyyətimə çatdım”.

 

 

Müəllim namizəd MİQ-də iştirak etməsinin səbəbindən söz açıb:

 

 

“İmtahanda iştirak etməyimin əsas səbəbi hazırda yaşayış yerimin Qaradağ rayonu Ələt qəsəbəsində olmasıdır. İş yerim isə Hacıqabul rayon Atbulaq kənd məktəbidir. 3 azyaşlı övladım var, faktiki iş yerimin isə yaşayış yerimdən uzaq olması peşə fəaliyyətimdə mənə çətinlik törədir. Onun üçün  imtahanda yaxşı nəticə toplayıb qəsəbəmizdə yerləşən məktəblərin birində işləmək istəyirəm.

 

 

Uşaqlara həssaslıqla yanaşıram. Dərs zamanı müəllimyönümlü  deyil, şagirdyönümlü metoddan istifadə edirəm. Ən əsası şagirdlərimi sevirəm. Həmçinin onlar da məni sevirlər. Bir çox şagirdim məni özünə nümunə götürərək Azərbaycan dili və ədəbiyyatı müəllimi fakültəsinə daxil olublar. Müəllim üçün bundan böyük hədiyyə nə ola bilər?

 

 

Bu sənəti mənə sevdirən Şirvan şəhərində tarix müəllimim olan Mirzəyeva Məhbubə idi. O, hazırda dünyasını dəyişib.

 

 

İmtahan sualları çox asan idi. Amma əksəriyyəti düşündürücü idi. Fikrimcə, üzərində yaxşı çalışan müəllim imtahanda uğur qazana bilər”.

 

 

 

Ruslan Mustafayev Azərbaycan dili və ədəbiyyat fənni üzrə 60 bal toplayıb:

 

 

O, 1987-ci il iyul ayının 13-də Şəki rayon Baş Şabalıd kəndində doğulub. 1993-cü ildə Baş Şabalıd kənd 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə Şəki şəhər 19 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. 2005-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. 2007-ci ilin yanvar ayında hərbi xidməti bitirib. Həmin ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının Filologiya fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra müxtəlif tədris mərkəzlərində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərməyə başlayıb. 

 

 

“İşlədiyim müddətdə 2012-2020 yüksək nəticələrim olub. Dərs dediyim şagirdlərin əksəriyyəti yüksək ballarla ali məktəblərə qəbul olunub. 2019-cu ildə MİQ müsabiqəsində iştirak etməklə 54 bal topladım, ancaq seçdiyim vakant yerlərin heç birinə düşmədim. Bu hal mənim üçün 2020-ci ildə də təkrarlandı. Yəni təkrarən 54 bal topladım, lakin bu dəfə tədris ilinin sonlarına yaxın Bakı şəhər Səbail rayon Badamdar qəsəbəsi 329 nömrəli tam orta məktəbdə 2 ay müddətlli müqavilə ilə işlədim. Müqavilə müddəti bitdikdən sonra bu il yenidən MİQ müsabiqəsində iştirak etmək qərarına gəldim. Məlum olduğu kimi, imtahanda bu dəfə 60 bal topladım. Bu uğuruma görə görə çox sevincliyəm”.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları