Azedu.az

ADNSU ilə “Daşkəsən Dəmir Filiz” MMC təhsil və elmi-texniki sahələrdə əməkdaşlığa başlayır  

Ali təhsil

25 İyun 2021, 10:48
ADNSU ilə “Daşkəsən Dəmir Filiz” MMC təhsil və elmi-texniki sahələrdə əməkdaşlığa başlayır  

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında təhsil və elmi-texniki inkişafa dəstək haqqında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqaviləni ADNSU-nun rektoru, professor Mustafa Babanlı və “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Oqtay Məmmədov imzalayıblar.

 

ADNSU-dan AzEdu.az-a bildiriblər ki, əməkdaşlıq sənədi ölkə ərazisində qara metal yataqlarının mineral xammal bazasının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətində aparılan bir sıra tədbirlərin yerinə yetirilməsində məhsuldar tərəfdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyır.

 

Müqaviləyə əsasən, universitetdə dağ-mədən mühəndisliyi, geologiya, informasiya texnologiyaları sahələrinə uyğun ixtisaslar üzrə təhsilalanlar “Daşkəsən Dəmir Filiz” MMC-nin istehsalat bazasında təcrübəyə cəlb ediləcək, ali təhsil ocağının elmi-texniki heyətinə kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqat aparmaq üçün lazımi şərait yaradılacaq. Bununla yanaşı, şirkətin sifarişi əsasında universitet tərəfindən müvafiq ixtisaslarda yüksək bilik və bacarıqlı kadrların hazırlanması, tələbə və gənc elmi-texniki mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi, universitetin analitik laboratoriya xidmətlərindən və maddi-texniki bazasından istifadə etmək üçün şəraitin yaradılması da nəzərdə tutulur.

Ramiz Mehdiyevlə bağlı yeni görüntülər - Dindirilmə başladı
Son xəbərlərDaha çox