Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-09 13:00:00
Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün 1844 namizəd qeydiyyatdan keçib  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə iyunun 20-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən  bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyunun 10-u saat 16:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq. Bu gün saat 12:40-a olan məlumata görə, imtahanda iştirak etmək üçün 1844 namizəd (BA - 519, BB - 1325) qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar və bu barədə məlumat DİM-in saytında verilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.