https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-05-16 13:18:00
BANM “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar təşkil etdi - FOTO          

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” adlı vebinar təşkil edilib. Vebinarda açılış nitqi ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edib.

 

AzEdu.az xəbər verir ki, “Zoom” platforması üzərindən keçirilən tədbirə 500-dək iştirakçı qatılıb. İştirakçılar yerli və transmilli şirkətləri, dövlət müəssisələrini, ayrı-ayrı ali təhsil məktəblərini təmsil ediblər.

 

bp şirkətinin AGT regionunda İnsan resursları üzrə vitse-prezidenti Elnarə Məmmədova, “Schlumberger” şirkətinin Azərbaycan və Gürcüstan üzrə meneceri Mariya Yunda, “Halliburton” şirkətinin İnsan Resursları, İnkişaf üzrə koordinatoru Vüsalə Əkbərova xanımların mühəndislikdə rolu barədə çıxış edib, öz təcrübələrini vebinar iştirakçıları ilə bölüşüblər.

 

Eyni zamanda, Bakı Ali Neft Məktəbinin məzunları - “Baker Hughes” şirkətində Türkiyə və Qatar üzrə Qazma departamentinin satış meneceri, Emilya Məmmədova, “Schlumberger” şirkətində böyük sahə mühəndisi və müştəri əlaqələri üzrə koordinator Münəvvər Salmanova, SOCAR STAR NEZ-də Yüksək prosses kontrolu və avtomatlaşdırma üzrə baş mühəndis Aynaz Mirzəzadə, SOCAR KBR şirkətində Nəzarət Ölçü cihazları və İdarəetmə üzrə mütəxəssis Rəmziyyə Qarazadə, “Maire Tecnimont” şirkətində layihə üzrə mühəndis Lamiyə Eyvazova da təhsil və iş həyatlarındakı uğur hekayələrindən danışıblar.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov son illər istər yerli, istərsə də beynəlxalq əmək bazarında yüksəkixtisaslı mühəndis qadınlara tələbatın artığını bildirib. O, qadınların da ən az kişilər qədər mühəndislik sahəsində uğurlu olduğunu diqqətə çatdırıb. Rektor eyni zamanda, qızların bu sahəyə ildən-ilə marağının artdığını, BANM-də ən yüksək bal toplayan və Prezident təqaüdünə layiq görülən tələbələr, yerli və transmilli şirkətlərdə yüksək vəzifələrdə çalışanlar arasında qızların xüsusi çəkiyə malik olduğunu qeyd edib.

 

 Digər məruzəçilər də öz növbəsində qadınların iş imkanlarından yararlanması, layiqli iş yerləri ilə təmin edilməsi və uğurlu karyera qurması üçün mövcud çətinliklər, gender əsaslı amillər, eləcə də qadın və kişilərin mühəndislik sahəsində uğurlu iştirakını təmin edən məqamlarla bağlı çıxış ediblər.

 

Vebinar iştirakçıların sual-cavab sesssiyası ilə yekunlaşıb.