Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 14:40:00
Azərbaycanda təhsil alan əcnəbi tələbələr Hərbi Qənimətlər Parkında olublar  

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları, Azərbaycanda təhsil alan əcnəbi tələbələr Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

 

AzEdu.az  xəbər verir ki, nazirliyin əməkdaşları və əcnəbi tələbələr 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla yaxından tanış olublar. Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov məlumat verib ki, tədbirə 28 ali məktəbdən 80-ə yaxın əcnəbi tələbə qoşulub: “Hazırda Hərbi Qənimətlər Parkını 48 ölkədən olan əcnəbi tələbə ziyarət edir. Məqsədimiz odur ki, ordumuzun uğurlarını əcnəbi tələbələr öz gözləri ilə görsünlər. Tələbələrimiz müxtəlif auditoriyalarda, paltformalarda təmsil olunurlar, sosial şəbəkələrdən istifadə edirlər. Bu da ölkəmizin suverenliyinin bərpa olunmasını dünyaya çatdırmaqda öz töhfəsini verəcək. Bu işlərin davamlı olması üçün gələcəkdə əcnəbi tələbələrimizlə işğaldan azad olunmuş torpaqlarımıza səfər də planlaşdırırıq”.

 

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.