https://www.zirve.edu.az/ #
2021-04-17 10:47:00
MDU və Kiyev Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib  

Mingəçevir Dövlət Universiteti (MDU) və Kiyev Milli İqtisadiyyat Universiteti (Kiev National Economic University – KNEU) arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib.

MDU-dan AzEdu.az-a bildiriblər ki, “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirə məxsusi olaraq KNEU tələbələri, magistrantları, eləcə də akademik və inzibati heyət üzvləri üçün nəzərdə tutulub.
ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən və cari dərs ilində MDU-da tədris prosesinə cəlb edilən amerikalı ingilis dili mütəxəssisi Richard Schlight "Aktiv tədris və təlim texnikaları" mövzusunda mühazirə oxuyub. Mühazirədə aktiv təlimin həyata keçirilməsində çətinliklər, keys metodların tətbiqi, təqdimatlar və praktiki videoların əhəmiyyəti, qrup işlərinin vacibliyi, qruplar arasında əlaqə qurma fəaliyyətləri, qrup layihələrində şagirdlərin qiymətləndirilməsi və aktiv öyrənmənin digər texnikaları barədə ətraflı məlumat verib.

KNEU-nun tələbə və akademik heyəti tərəfindən maraqla qarşılanan mühazirədə iştirakçıların çoxsaylı sualları cavablandırılıb, pandemiya şəraitində aktiv tədris və təlim texnologiyalarının tətbiqi təcrübələrinə dair geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, MDU və KNEU arasında birgə reallaşdırılan layihə hər təqvim ayı ərzində iki qarşılıqlı mühazirənin təşkilini nəzərdə tutur. Bundan əvvəl, mart ayında KNEU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti Elena Proxorova "Kiyev Milli İqtisadiyyat Universitetində pandemiya dövründə onlayn və ənənəvi təhsil" mövzusunda, MDU-nun “Xarici dillər” kafedrasının dosenti Mayıl İsmayılov "Nizaminin Qərb ədəbiyyatı və mədəniyyətinə təsiri" mövzusunda, aprelin əvvəlində KNEU-nun “Maliyyə” kafedrasının dosenti Tetyana Jiber “Dövlət maliyyəsi idarəetməsində dövlət büdcəsi” mövzusunda mühazirə oxuyublar.