Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-30 13:18:00
 “AzEdu-nun Qarabağ Bölməsi ilə bağlı təklifini ikiəlli dəstəkləyirik”-Sədr müavini

 

 

“İctimai Şura Təhsil Nazirliyinə işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərəcək müəllimlər üçün təkliflər irəli sürüb”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

O, qeyd edib ki, Qarabağda təhsilin bərpası üçün ilk olaraq infrastruktur bərpa edilməlidir:

 

“Haqq savaşında zəfərlə başa çatan şanlı qələbəmizdən sonra azad edilən ərazilərdə sosial-iqtisadi layihələrin həyata keçirilməsinə başlanılması fonunda təhsilin də bərpası qürurvericidir. Həmin bölgələrdə təhsilin bərpası və inkşaf etdirilməsi ilə bağlı dövlətimiz tərəfindən bütün işlərin planlaşdırıldığı və quruculuq işlərinə başlanıldığı barədə xəbərlər yayılır. Azərbaycan və Türkiyə Prezidentlərinin qarşılıqlı razılığı ilə Şuşada məktəb tikintisi ilə bağlı layihənin təsdiq olunması, Ağdamda məktəb və digər təhsil müəssisələrinin təmir və tikintisinin yüksək templə davam etdirilməsi və bir çox digər əməli işlər dövlətimizin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Bu gün qarşıda duran əsas məqsəd doğma Qarabağda aktiv həyatı yenidən bərpa etmək, bir çox sahələrdə quruculuq işlərini həyata keçirməkdir. Azad olunan torpaqlarımızda ilkin olaraq həyata keçiriləcək işlərdən biri də təhsilyönümlü layihələrdir  ki, bununla bağlı da müvafiq fəaliyyət planı hazırlanıb və işlər davam etdirilir”.

 

Sədr müavini İctimai Şuranın Qarabağda təhslin inkişafına dair təkliflər irəli sürdüyünü qeyd edib:

 

“Bu məsələ Təhsil Nazirliyi yanında İctimai Şura olaraq bizim də diqqət mərkəzimizdən kənar qalmayıb. Hələ ötən ilin dekabr ayında işğaldan azad olunan rayonların təhsil şöbələrinin rəhbərlərinin iştirakı ilə onlayn müşavirədə təhsil infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi ilə bağlı bir sıra təklifləri müzakirə edib, ümumiləşdirilərək Təhsil Nazirliyinə göndərmişik. Nazirlik rəsmisinin də qatıldığı onlayn müşavirədə İctimai Şura üzvləri ilə yanaşı, Şuşa, Ağdam, Fizuli, Kəlbəcər, Laçın, Qubadlı, Xocavənd, Cəbrayıl, Zəngilan Rayon təhsil şöbələrinin müdirlərinin iştirakı ilə 30-a yaxın təklif irəli sürülüb və qruplaşdırılıb. Yekdil fikir də ondan ibarət olub ki, dövlətin təhsil, mədəniyyət və iqtisadiyyatını yenidən canlandırmaq və bərpa etmək üçün müəyyən etdiyi strategiyaya müvafiq olaraq bu ərazilərə köçürülmə prosesi mərhələlər üzrə kompleks mexanizmlərin tətbiqi ilə həyata keçiriləcək. Bunun üçün ilk növbədə işğaldan azad olunan ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır. Bunun üşün ilk növbədə təhsilalan və təhsilverənlərin bölgələrə qayıdışı ilə bağlı virtual anket-sorğusunun aparılması və yeni ərzilərə məskunlaşacaq təhsil camiyəsinin kontingenti müəyyənləşdirilməlidir”.

 

Nadir İsrafilov işğaldan azad edilən bölgələrdə müəllimlər üçün nə kimi addımların atılmalı olduğunu vurğulayıb:

 

“Təkliflər içərisində həm də ucqar ərazilərdə fəaliyyət göstərən ibtidai və ümumi orta məktəblərin tam orta məktəblərə daşınması üçün nəqliyyat vasitələrinin ayrılması, pedaqoji kadrlarla bağlı yarana biləcək çətinlikləri nəzərə alınaraq, müvafiq təhsilli yerli sakinlərə işə qəbulla bağlı güzəştlərin tətbiq olunması, işğaldan azad olunan ərazilərə gənc müəllimləri cəlb etmək üçün əlavə stimullaşdırıcı tədbirlərinin nəzərdə tutulması, digər rayonlardan olan müəllimlərin əmək haqqına əlavə, kommunal ödənişlərdən azad edilmə, 5 il işlədikdən sonra torpaq sahəsinin verilməsi kimi xüsusi güzəştlərin edilməsi də nəzərdə tutulub”.

 

Həmçinin, Nadir İsrafilov AzEdu-nun ideya olaraq irəli sürdüyü və deputat Etibar Əliyev tərəfindən də dəstəklənən fikrini alqışlayıb:

 

AzEdu təhsil portalının  “AMEA-nın Qarabağ Bölməsi yaradılmalıdır” təklifini biz də ikiəlli dəstəklədiyirik”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları