Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-04 12:00:25
Repetitorlar Azərbaycan təhsilinin bəlasına çevrilib - Günün problemi

Abituriyentlərin əksəriyyəti fərdi müəllim-repetitor yanına gedərək universitetə hazırlaşır. Repetitorlar bəzən, abituriyentlərin məktəb müəllimləri, bəziləri isə soraqlaşıb kənardan tapdıqları şəxslər olur.

Bəzi  şagirdlər iddia edirlər ki, məktəb müəllimlərinin təkidi ilə onların  yanına hazırlığa gedirlər. Abituriyent universitetə hazırlaşdığını nəzərə alıb, qiymət yazdırmaq, dərslərdə iştirak etməmək üçün məcburiyyət qarşısında öz müəllimini seçməli olur.

2018-ci il tələbə qəbulundakı dəyişikliklərə görə abituriyentin buraxılış imtahanının nəticəsi  qəbul imtahanının nəticəsinə əlavə olunacaq. Bu da ixtisas, universitet seçiminə təsir edir. Bunları nəzərə alsaq, indiki halda repetitorlarla bağlı vəziyyət necə olacaq?

Abituriyent  yenə də  hansısa repetitoru seçmək məcburiyyətində qalacaq? Ümumiyyətlə, həmin repetitorluq sisteminin abituriyentlərə nə kimi mənfi  təsirləri var?

Məsələylə bağlı AzEDU-ya açıqlama verən təhsil eksperti Cahid İsmayıloğlunun sözlərinə görə, repetitorluq günü-gündən ifrat səviyyəyə çatıb, Azərbaycan təhsilinin bəlasına çevrilib:

cahiid.jpg

“Ən qorxulu hal odur ki, bu gün repetitorların çoxu abituriyentlərə dərs yox, test əzbərlədir. Eyni zamanda, repetitorluqla məşğul olan müəllimlər hazırladıqları şagirdlərə bilik yox, testin cavablandırılma texnikasını öyrətməklə savadsız, amma yüksək bal toplayan abituriyentlər yetişdirir.

Dünyanın inkişaf etmiş ölkələrində məktəbdə yalnız dərs, bilik öyrətmirlər. Hətta Finlandiya kimi dünyanı heyran qoyan təhsil sisteminə malik bir ölkədə məktəbdə qiymətləndirmə də yoxdur. Repetitorluq şagirdi məktəbdən soyudur, məktəb ikinci, üçüncü plana keçir.

Abituriyent Gülay Hüseynova bildirir ki, repetitorları öz seçdiyi müəllimlərdir və bu onun göstəricilərinə müsbət təsir edir.  Məktəb müəllimlərinin şagirdləri öz yanına hazırlığa gəlməyiylə bağlı təkidlərinə isə abituriyent belə cavab verir:

“Sinifdə olub-olmaması haqqında dəqiq bir şey deyə bilmərəm.    Deyəsən, keçən il məktəbdə belə bir hal yaşanmışdı”.

Gülay deyir ki, Azərbaycan dili fənnindən repetitoru, həm də sinif müəlliməsidir. Onun sözlərinə görə bu, ona təsir etmir. Məktəbdə sinif müəllimi kimi rəftar edir: “Çox müəllim dəyişmişəm, amma onu dəyişmərəm”.

Orta məktəb müəlliməsi Nərgiz Salmanova həm də repetitor kimi fəaliyyət göstərir. Müəllimənin sözlərinə görə, repetitorluq fəaliyyətinin  məktəbə  heç bir aiddiyyatı yoxdur:

“Vicdanlı müəllim məktəbdə və hazırlıqda da dərsini keçir. Abituriyent üçün ikiqat yaxşıdır. Həm məktəbdə, həm də məşğələdə oxuyur”.

Qeyd edək ki, bir müddət əvvəl repetitorların vergi məsələsi gündəmdə idi. Qanunvericiliyə əsasən, repetitorlar sahibkarlıq fəaliyyəti göstərən şəxslər kimi vergiödəyiciləridirlər.

Belə şəxslər fərdi sahibkarlıqla məşğul olur və buna görə də vergi orqanında qeydiyyata alınmaqla bu fəaliyyətdən əldə etdiyi gəlirdən seçdiyi vergitutma metodundan asılı olaraq (sadələşdirilmiş vergi, gəlir vergisi və ya ƏDV) müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Repetitorluq fəaliyyəti göstərmək istəyən şəxslər hər şeydən əvvəl Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmalıdırlar. Sadələşdirilmiş vergitutma metodunu seçən fərdi sahibkar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirin (hasilatın) həcmindən (hər hansı xərc çıxılmadan) Bakı şəhərində 4 faiz, respublikanın digər regionlarında 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyir

Gəlir vergisinin ödəyicisi kimi uçota alınan fərdi sahibkarlar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirdən, bu gəlirin əldə olunması ilə bağlı xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra qalan fərqdən (gəlirdən) 20 faiz dərəcə ilə gəlir vergisi ödəyir:

Dövriyyəsindən asılı olaraq, repetitorluq fəaliyyəti göstərən şəxs ƏDV ödəyicisi olduğu halda, yuxarıda qeyd olunan qaydada hesablanan gəlir vergisi ilə yanaşı 18 faiz dərəcə ilə ƏDV də tətbiq olunmalıdır.

Əsmər Qabil