Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-24 16:25:00
Təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirildi

Fevralın 24-də Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib.

Təhsil Nazirliyindən  bildirilib ki, təlimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov media ilə əməkdaşlığın müasir kommunikasiya alətlərindən istifadə olunaraq daha da təkmilləşdirilməli olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, sosial media kanallarından istifadə imkanları araşdırılmalı, eyni zamanda, faydalılığı ölçülməli və tətbiq olunmalıdır.

Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov çıxışında sosial medianın imkanlarının əhatəliliyinə diqqət edilməsini nəzərə çatdırıb.

Təlim “Sosial media marketinqi nədir?”, “Sosial media marketinqi kanalları və onların özəllikləri” və “PR və təhsil sahəsində sosial media marketinqinin rolu” mövzularını əhatə edib. Təlimdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunları Səyyarə Hüseynova, Səkinə Vəliyeva və Zəhra Məmmədli qeyd edilən mövzulara uyğun təqdimatlarla çıxış edərək sosial media barədə ətraflı məlumat veriblər.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin və digər iştirakçıların sosial media marketinqi, sosial media kanalları və özəllikləri barədə daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV-lə yanaşı, sosial media marketinqi vasitəsilə ictimaiyyətə çatdırılması olub.