Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-20 13:27:00
Təhsil Nazirliyindən orta məktəblərdə əyani dərslərin artırılması ilə bağlı AÇIQLAMA  

Xəbər verdiyimiz kimi, növbəti həftədən Bakıdakı orta məktəblərdə əyani dərslərin sayı artırılır.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə əyani dərslərin sayının artırılmasına qərar verilib.

 

22 fevraldan etibarən yeni cədvələ əsasən həftədə iki dəfə məktəbə gedəcək V-XI sinif şagirdləri 1 gün 4 dərs, digər gün isə 3 dərs keçəcəklər.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, əyani dərslərin sayının məktəblər tərəfindən artırılması mümkündür:

 

“Bunun üçün xüsusi qərara ehtiyac yoxdur. Hər məktəb şagird sıxlığına əsasən, dərslərin sayını özü tənzimləyə bilər”.

 

Əyani dərslərin keçirilmə günlərinin sayının artırılmasına gəlincə, nazirlik rəsmisi bunun qarşıdakı günlərdə yoluxma sayından, buna uyğun olaraq da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacağını deyib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin sonuncu qərarı ilə əyani dərslər bərpa olunandan sonra distant təhsilin keçirilməsi ləğv olunub.

 

Xatırladaq ki, 1 fevraldan etibarən ibtidai siniflərdə həftədə 3 dəfə olmaqla, 15 fevraldan etibarən isə yuxarı siniflərdə həftədə 2 dəfə olmaqla əyani dərslər qismən bərpa olunub. Hazırkı cədvəllə şagirdlər bir gün 3, ikinci gün isə 2 dərs keçirilər.