Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-01 12:41:00
“Tələbələrə öncədən xəbərdarlıq edilsə, yaxşı olardı” –Deputat “rezindetura üsyanı” haqda danışdı

“Prinsipcə rezidentura  pilləsi növbəti illərdən etibarən ödənişli ola bilər. Çünki, bu, dünya təcrübəsində də müşahidə olunur.

Düşünürəm ki, dəyişikliklər barədə daha öncədən xəbərdarlıq edilsə, hər kəs də öz perspektivini o məlumata uyğun qursa, yaxşı olardı”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. O, qeyd edib ki, plan yerlərinin azalması təbii hadisədir:

“Rezindenturada plan yerlərinin müəyyən olunması dövlətin özünün uyğun proqramları vasitəsilə həyata keçirilir. Plan yerlərini vakansiyalara uyğun olaraq hesablanıb tələbələrə təqdim edirlər. Müəyyən proqrama uyğun hesablama aparılaraq aydın olur ki, bizə rezidenturanı bitirib ixtisaslaşan nə qədər həkim lazımdır? Nazirlər Kabineti tələbatı müəyyən edir və ona uyğun kvota müəyyənləşdirilir.

Qaldı ki, tələbələrə cəmi bir həftə əvvəl məlumat verilməsi, düşünürəm ki, öncədən xəbərdarlıq edilsə, hər kəs də öz perspektivini o məlumata uyğun qursa, daha yaxşı olardı”.

Deputat, həmçinin, rezindeturanın növbəti illərdən ödənişli olması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Prinsipcə rezidentura  pilləsi növbəti illərdən etibarən ödənişli ola bilər. Çünki, bu, dünya təcrübəsində də müşahidə olunur. Hətta deyərdim ki, dünyanın əksər ölkələrdə bu təhsil pilləsi ödənişlidir. Amma hər - halda bütün informasiyalar dəqiq şəkildə tələbələrə-rezindeturaya hazırlaşanlara çatdırılsa, daha düzgün olar”.

Qeyd edək ki, bu il rezidentura mərhələsinə plan yerlərinin sayı 37% azaldılıb. Ötən il 400-dən artıq plan yeri olduğu halda bu il cəmi 263 yer ayrılıb. Bu, universiteti həm bu, həm də əvvəlki illərdə bitirən məzunların böyük əksəriyyətinin kənarda qalmasına gətirib çıxarır. Üstəlik, rezidentura mərhələsinə plan yerlərinin imtahanlar keçirildikdən sonra açıqlanması da birmənalı qarşılanmayıb. Tibb Universitetinin təxminən 70 nəfər tələbə və məzunu 29 iyunda Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.