https://www.zirve.edu.az/
23.01.2021 17:26
ICESCO Azərbaycanla təhsil sahəsində əməkdaşlığa önəm verir

ICESCO-nun Baş direktorunun Azərbaycana səfəri və təhsil sahəsində apardığı müzakirələr qurumun rəsmi internet səhifəsində geniş yer alıb

 

Azərbaycanın müstəqillik illərində beynəlxalq nüfuzunun, mövqeyinin gücləndirilməsində bir sıra  beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi mühüm önəmə sahibdir. Müstəqilliyin ilk illərindən ölkəmizin uğurla əməkdaşlıq etdiyi təşkilatlar arasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO)  xüsusi yeri var.  Azərbaycanın ICESCO-ya üzv olmasının və bu təşkilatla əməkdaşlığının öz tarixi var. 1991-ci ildən bu günə kimi təşkilatla  səmərəli əməkdaşlıq həyata keçirilib.

 

2006-cı ildə ölkəmizin ICESCO ilə əlaqələrində yeni əlamətdar səhifə açılıb. Həmin il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşkilatın xoşməramlı səfiri adına layiq görülməsi ilə ikitərəfli əlaqələr uğurlu inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycanın birinci xanımı bu ada təhsilin və sivilizasiyalar arasında dialoqun inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.  Ötən dövr ərzində Azərbaycan ICESCO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, ICESCO Azərbaycanda təşkil edilən beynəlxalq layihələrdə, mötəbər tədbirlərdə hər zaman yaxından iştirak edib.

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru doktor Salim bin Məhəmməd əl-Malikin Azərbaycana səfəri və təhsil sahəsində apardığı müzakirələr beynəlxalq təşkilatın rəsmi internet səhifəsində (www.icesco.org) geniş yer alıb. Xəbərdə qeyd olunur ki, ICESCO-nun Baş direktoru dr. Salim əl-Malik Azərbaycana səfərinin ilk günündə Azərbaycan və ICESCO arasında əməkdaşlığın və tərəfdaşlığın möhkəmləndirilməsi yollarının öyrənilməsi üçün Təhsil naziri Emin Əmrullayevlə görüşüb. Bakıda Təhsil Nazirliyində keçirilən görüşdə tərəflər ötən il COVID-19 pandemiyası ilə əlaqədar təhsilin qarşılaşdığı problemlərə və bu cür böhranlara qarşı mübarizənin ciddi əhəmiyyətinə toxunublar. Məqsəd təhsilin davamlılığını təmin etmək və təhsil müəssisələrinin uzun müddət bağlanması ilə nəticələnən təhsildəki itkiləri azaltmaqdan ibarətdir.

 

Tərəflər təhsil sahəsində əməkdaşlığa dair təkliflərə, o cümlədən Azərbaycan universitetləri ilə İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) üzvü olan universitetlər arasında mübadilə və tələbələr üçün təqaüdlərə dair təkliflərə baxıblar. Tərəflər ərəb dilini tədris edən Azərbaycan məktəbləri üçün əməkdaşlıq məsələlərini, həmçinin müəllimlərin hazırlığı, ixtisasının artırılması və bu sahədə proqramlarının hazırlanması və həyata keçirilməsi məsələlərinə diqqət yönəldiblər.

 

Məlumatda qeyd olunur ki, görüşdə Azərbaycanın elmi-tədqiqat mərkəzləri ilə ICESCO üzv dövlətlərin müvafiq qurumları arasında elmi tədqiqatlar sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu məsələlərə üzv dövlətlərin real ehtiyaclarına cavab verən və inkişafa nail olmaq üçün praktiki və iqtisadi cəhətdən həyati nəticələr verən tədqiqatlar daxildir. Tərəflər həmçinin ICESCO-nun “Chair Program” çərçivəsində Azərbaycan universitetlərinin birində qurumun kafedrasının yaradılması məsələsinə baxıblar.

 

Beləliklə də əminliklə demək olar ki, Azərbaycan-ICESCO əlaqələrində  yeni mərhələ başlayır və təhsil sahəsində əməkdaşlıq bu müstəvidə prioritet istiqamətlərdən biri olacaq.

 

“Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır”

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, tarixi-mədəni abidələrimizin düşmən tərəfindən dağıdılması hər zaman ICESCO-nun diqqətində olub. Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə elan olunan “Nizami Gəncəvi İli” ICESCO-da da qeyd olunacaq.

 

Bu il ərzində Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq. Regional mərkəz bir çox ölkəni əhatə edəcək. Bu regional mərkəz həm Azərbaycan və ICESCO arasında, həm də region ölkələri arasında əlaqələrin inkişafına töhfə verəcək.

Bu günlərdə isə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfər etməsi də islam aləmində xüsusi nüfuzu olan beynəlxalq təşkilatın ölkəmizin yanında olduğuna, Azərbaycanın haqq işini dəstəklədiyinə əyani nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə doktor əl-Malikin səsləndirdiyi “Azərbaycan hər zaman bizim üçün prioritet olub və olmağa davam edəcək. Biz Qələbəni qeyd etdik, çünki bu, bizim bir parçamızdır, Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır” sözləri   beynəlxalq təşkilatın ölkəmizə dəstək və diqqətinin bariz nümayişidir.

 

ICESCO işğaldan azad olunmuş Füzuli məktəbində

 

Azərbaycana səfəri çərçivəsində ICESCO-nun Baş direktoru Füzuli və Ağdamda olub.  “Biz Füzuliyə səfər etdik, burada kitabxanalar, məktəblər, nəşriyyat evi, qəbiristanlıqlar, hətta yollar belə dağıdılıb. Ağdama səfərimizdə biz yalnız məhv edilmiş binaların divarlarının qalıqlarına şahid olduq. Məscid, muzey, teatr binasına getdik. Bu abidələrin yalnız divarları qalıb. Bütün bunları törədənlər əməllərinə görə cavab verməlidir. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan mədəni irsini məhv edənlər məsuliyyətə cəlb olunmalıdır”. Baş direktor mühüm bir xəbəri də diqqətə çatdıraraq bildirib ki, “biz təklif etmişik ki, Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun. Yaxın günlərdə bu barədə yekun qərar elan ediləcək. Lakin regional mərkəzin də müəyyən vaxtdan sonra Şuşaya köçürülməsi baş tuta bilər”.

 

“Virtual məktəb”in uğurlu nəticələri ISESCO-da

 

Azərbaycanın ICESCO ilə münasibətlərində  təhsil aparıcı istiqamətlərdən biridir. Azərbaycan beynəlxalq təşkilatın təhsil layihə və təşəbbüslərini daim dəstəkləyir.

 

Prezident İlham Əliyevin 6 dekabr 2017-ci il tarixli  sərəncamına uyğun olaraq, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən olan tələbələrin ölkəmizin nüfuzlu ali təhsil müəssisələrində təhsillinə dəstək üçün təqaüdlər  müəyyən olunub.

 

Ötən ilin mayında ICESCO-nun təşəbbüsü ilə  keçirilən Təhsil nazirlərinin virtual videokonfransında böhran və fövqəladə hallar dövründə təhsil sistemlərinin vəzifələri müzakirə olunub və Azərbaycanda panemiya dövründə tədrisin fasiləsizliyinin təşkili məsələsi də gündəmdə olub. Videokonfransda  pandemiya dövründə ölkəmizdə təhsil hüququnun fasiləsiz təmin edilməsi məqsədilə atılmış addımlar haqqında ətraflı məlumat verilib.

 

Bildirilib ki, son illər Azərbaycanın təhsil sistemində həyata keçirilmiş məqsədyönlü islahatlar sayəsində məktəblərin müasir İKT vasitələrindən istifadə imkanları yaxşılaşdırılmış, məktəb şəbəkəsi tam elektronlaşdırılmış, müəllim heyətinin, şagirdlərin rəqəmsal  bacarıqlarının inkişaf etdirilməsi təmin edilib ki, bu faktorlar pandemiya dövründə məsafədən tədrisin çevik tətbiqinə imkan verib.

Distant təhsilə keçidi təmin etmək üçün qısa müddət ərzində yaradılmış və ölkədə ən iri onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri haqqında bəhs edilib, müəllimlərin bu platformanın bütün imkanlarından tam yararlanmaları üçün təlimlərə cəlb edildiyi bildirilib.

 

Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən ICESCO ilə təhsil sahəsində əməkdaşlığa yüksək əhəmiyyət verildiyi qeyd olunan tədbirdə  Azərbaycan Respublikası tərəfindən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün ümumilikdə 40 təhsil qrantının ayrıldığı vurğulanıb. Qeyd edək ki, videokonfransın nəticəsi olaraq ICESCO tərəfindən “Əhatəli Humanitar Koalisiya”  təşəbbüsü irəli sürülüb və Azərbaycan tərəfi təşəbbüsə dəstəyini ifadə edib.

 

Oruc MUSTAFAYEV

Azərbaycan müəllimi