Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-29 16:22:15
“Bu, tələbələrə qarşı haqsızlıqdır” – Tibb professoru “rezidentura böhranı”nı pislədi

“Plan yerlərini azaldıb balı yüksəltməklə, problemi həll etmək olmaz. Bunu birdən-birə tətbiq edib, tələbələrə gec xəbərdarlıq etməz onlara qarşı haqsızlıqdır.

İkinci tərəfdən isə rezidenturada konkret keçid balı olmalıdır ki, o keçid balını toplayan bütün tələbələr ixtisas seçimi edə bilsinlər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı tibb eksperti, professor Adil Qeybulla deyib. O, qeyd edib ki, rezidenturada plan yerlərinin 37 faiz azalması balların həddən artıq yüksəlməsinə gətirib çıxaracaq:

“Əslində bu, belə olmamalıdır. Ümumiyyətlə, isə rezidentura icbari tibbi sığortanın tətbiq olunmadığı ölkələrdə effektli olmur. Yalnız icbari tibbi sığorta şəraitində rezidentlərin təhsilinin uğurla nəticələnməsini dünya təcrübəsi də sübut edir. Plan yerlərini azaldıb, balı yüksəltməklə problemi həll etmək olmaz. Bunu birdən-birə tətbiq edib tələbələrə gec xəbərdarlıq etmək, onlara qarşı haqsızlıqdır. İkinci tərəfdən isə, rezidenturada konkret keçid balı olmalıdır ki, o keçid balını toplayan bütün tələbələr ixtisas seçimi edə bilsinlər. Yalnız müəyyən ixtisasların balları qəbul imtahanlarından sonra ixtisasın prestijindən asılı olaraq arta bilər. İxtisaslar üzrə plan yerlərinin azalması və yüksək bal toplamaq tələbi tələbələri pis vəziyyətdə qoyur.
Amerikada isə ali məktəbi qurtaran hər bir kəs üçün rezidenturada oxumaq şansı yaradılır. Orada ali təhsilin sturukturu elə qurulub ki, artıq rezidenturaya imtahan tələb olunmur”.

Qeyd edək ki, bu il rezidentura mərhələsinə plan yerlərinin sayı 37% azaldılıb. Ötən il 400-dən artıq plan yeri olduğu halda bu il cəmi 263 yer ayrılıb. Bu, universiteti həm bu, həm də əvvəlki illərdə bitirən məzunların böyük əksəriyyətinin kənarda qalmasına gətirib çıxarır. Üstəlik, rezidentura mərhələsinə plan yerlərinin imtahanlar keçirildikdən sonra açıqlanması da birmənalı qarşılanmayıb. Tibb Universitetinin təxminən 70 nəfər tələbə və məzunu bu gün Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.