Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-06 13:40:00
Yüksək Texnologiyalar Parkı yerli şirkətləri səmərəli əməkdaşlığa dəvət edir  

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) elm və innovasiya yönümlü yerli şirkətləri rezident olmağa, Parkda yaradılmış imkanlardan istifadə etməyə, həmçinin səmərəli əməkdaşlığa dəvət edir.

YT Park-dan AzEdu.az-a bildirilib ki, Texnopark yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastruktura malikdir. Yerli şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq Texnoparkın əsas məqsədlərindəndir.

Yüksək Texnologiyalar Parkı innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı üçün rezidentlərə lazımi şərait yaradır və müvafiq imtiyazlar təqdim edir. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəməməklə bağlı güzəştlər tətbiq olunur.
Həmçinin Yüksək Texnologiyalar Parkının rezidentləri qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya kimi kommunal-kommunikasiya xətləri ilə təmin olunur. Bu isə sahibkarların daha səmərəli fəaliyyət göstərmələrinə şərait yaradır.

Rezident olmaq istəyən namizədlər üçün Yüksək Texnologiyalar Parkının www.ameaytp.az saytında müvafiq məlumatlar yerləşdirilib.