https://www.zirve.edu.az/
01.03.2018 21:07
Dillər Universitetində Germanistika İnstitutu açılıb

Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Germanistika İnstitutunun açılış mərasimi keçirilib.

Germanistika İnstitutunun fəaliyyəti çərçivəsində seçilən tələbə və müəllimlərin Almaniyada müxtəlif ixtisasartırma kurslarında iştirakı, almaniyalı professorların ADU-da mühazirələrinin təşkili, bu ali məktəbin müəllimlərinin Almaniyada fəaliyyəti nəzərdə tutulur.

İnstituta Azərbaycan ədəbiyyatının böyük təbliğatçısı, Almaniyanın Vürsburq Universitetinin və ADU-nun professoru xanım Ziglinde Hartman rəhbərlik edəcək.

AzEDU xəbər verir ki, tədbirdə Almaniya, Avstriya və İsveçrənin ölkəmizdəki səfirliklərinin nümayəndələri, Azərbaycanda alman dili sahəsində fəaliyyət göstərən təşkilatlar və alman dilinin tədris olunduğu universitetlərin əməkdaşları iştirak ediblər.

Tədbirdə Azərbaycan, Almaniya, Avstriya və İsveçrə dövlətlərinin himnləri səsləndirilib.

Açılış mərasimində ADU-nun rektoru, akademik Kamal Abdulla rəhbərlik etdiyi ali məktəbdə bir çox ölkələrin dil və mədəniyyətlərinin təbliğ olunduğunu bildirib. Germanistika İnstitutunun açılmasının əhəmiyyətini vurğulayan rektor bu işdə əməyi keçənlərə təşəkkür edib. O, institutun açılışında yaxından iştirak edən Almaniyanın elm və mədəniyyət xadimi Z.Hartmanın yalnız Almaniyada deyil, dünyada tanınmış araşdırmaçı olduğunu söyləyib. Rektor bildirib ki, Germanistika İnstitutu ADU ilə yanaşı, ölkənin digər ali təhsil müəssisələri üçün də faydalı olacaq. Rektor ADU-nun bu institut vasitəsilə Almaniya, Avstriya və İsveçrənin elmi dairələri ilə əlaqələrinin genişlənəcəyinə inandığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Fridrix Fon Ditsin xatirəsini əbədiləşdirmək məqsədilə Sərəncam imzaladığını xatırladan rektor 1815-ci ildə adıçəkilən alman aliminin “Kitabi-Dədə Qorqud” dastanını tədqiq edərək dünyaya tanıtdığını vurğulayıb və digər alman ədəbi cərəyanlarının nümayəndələrindən söz açıb. Rektor bildirib ki, professor Z.Hartman on ildən artıq müddətdə Azərbaycan ali məktəbləri ilə əlaqələr qurub, alman dili, mədəniyyəti, tarixi və ədəbiyyatının ölkəmizdə yayılmasında xüsusi xidmət göstərib. Z.Hartmanın artıq Azərbaycan ədəbiyyatının Almaniyada və almandilli ölkələrdə tanınması istiqamətində fəaliyyət göstərdiyini deyən rektor professora bu fəaliyyətinə görə minnətdarlığını bildirib.

15199137124336623313_1000x669.jpg

Professor Z.Hartman ilk dəfə Azərbaycana gəlişindən söz açıb və təəssüratlarını bölüşüb. O, K.Abdulla ilə birgə fəaliyyətini xatırladaraq qazanılan təcrübələrdən danışıb. Azərbaycanda Germanistika İnstitutunun açılmasının Almaniya Federativ Respublikası üçün böyük şərəf olduğunu deyən professor bu işdə səy göstərən hər kəsə təşəkkürünü bildirib.

Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab, İsveçrənin Azərbaycandakı səfiri Filip Şdalder, Avstriyanın Azərbaycandakı səfirliyinin konsulu Volfqanq Marxardt Germanistika İnstitutunun açılması münasibətilə təbriklərini çatdırıblar. Diplomatlar ADU ilə genişlənən qarşılıqlı əlaqələrdən söz açaraq bu əlaqələrin ölkələrarası münasibətə öz töhfəsini verdiyini deyiblər.

Daha sonra ADU-nun alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Sərxan Abdullayev, həmçinin xəlifə rektor Nicat Aşurov, tələbə Pərvanə Yəhyazadə Germanistika İnstitutunun açılmasını böyük uğur kimi qiymətləndiriblər.

Sonda ADU-nun II və III kurs tələbələri alman dilində mahnılar ifa ediblər.