https://www.zirve.edu.az/
01.12.2020 10:43
  Sertifikasiya və dərsliklərlə bağlı vacib qərarlar -  Təhsildə yaşananlar

 

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 23-29 noyabr  tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib

 

Pandemiya dövründə davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”də tədris və təlim-tərbiyə prosesinin təşkilinə nəzarət gücləndirilib. Belə ki, onlayn dərslərin təşkilinə və müəllimlərin dərs saatlarına nəzarət etmək məqsədi ilə məktəb rəhbərliyi və yerli təhsili idarəetmə orqanları üçün yeni imkanlar yaradılıb.

 

Platformada məktəb üzrə bütün sinifləri görmək səlahiyyətinə malik olan direktor və direktor müavinləri siniflər üzrə məsafədən təşkil olunmuş dərslərə, davamiyyətə nəzarət edir, icmallaşdırılmış məlumatların toplanılması və təhlilini həyata keçirilirlər. Həmçinin platformada xüsusi yaradılmış qruplar üzrə müəllimlərlə birgə keçirilən pedaqoji şuralarda pandemiya dövründə dərslərin onlayn formada təşkil edilməsinin vacibliyi diqqətə çatdırılır.

 

Məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq

 

2021-2023-cü illərdə uşaqların məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq.

 

Bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

 

Fəaliyyət Planına əsasən, Təhsil Nazirliyinə tapşırıq verilib.

 

Həmçinin 2021-2023-cü illərdə məktəbəqədər yaş dövründə intellektual inkişaf üçün şərait yaradılması, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların inkişafı sahəsində tələblər hazırlanacaq.

 

Fəaliyyət Planına əsasən, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib.

 

Təhsil naziri sertifikasiya ilə bağlı əmr imzaladı  

 

Təhsil naziri Emin Əmrullayevin əmri ilə Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri yeni tərkibdə təsdiq edilib.

 

TN-nin Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təyin edilib.

 

Səfərbərliyə cəlb edilən tələbələrlə bağlı qərar verildi

 

Təhsil Nazirliyinin Kollegiyası “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”da dəyişiklik edib.

 

Dəyişikliyə əsasən, tələbəyə akademik məzuniyyətin verilməsi halları artırılıb.

 

Qərar noyabrın 24-dən qüvvəyə minib.

 

Qeyd edək ki, qüvvədə olan Qaydalara əsasən, hazırda tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

 

- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə;

- ailə vəziyyətinə görə - 2 il müddətinədək;

- səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;

- sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;

- müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.

 

Bu dərsliklərin yenidən yazılması gündəmdədir - Təhsil Nazirliyi

 

Torpaqlarımızın erməni işğalından azad edilməsi ilə əlaqədar Azərbaycan tarixi və Qarabağ tarixi dərsliklərinin yenidən yazılması məsələsi gündəmdədir.

 

Təhsil Nazirliyindən bildirilib ki, qəhrəmanlarımız haqqında hekayələrin yazılması, onlarla bağlı ayrı-ayrı təqdimatların edilməsi, tarixi faktların tam dəqiqləşdirilərək dərsliyin məzmununa gətirilməsi məsələsi gündəmdədir.

 

Summativ qiymətləndirilmə onlayn formada keçiriləcək? – Vacib məsələ

 

“Təhsil Nazirliyi onlayn qiymətləndirmə ilə bağlı “Elektron məktəb” platforması üzərində işləyir.  Platforma həm də summativ və formativ qiymətləndirilmənin onlayn keçirilməsi üçün nəzərdə tutulub”.

 

Bunu onlayn qiymətləndirmə barədə danışan distant təhsil üzrə təlimçi-müəllim Elnur Hacıyev deyib.

 

 

O,  şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin zəruri olduğunu vurğulayıb.

 

“Hazırda mənim özüm də həm pedaqoji, həm də inzibatı heyət üçün elektron jurnalla bağlı təlimlər keçirəm. Təlimlərin məqsədi formativ və yekun-summativ  qiymətləndirilmənin necə reallaşdırılması ilə əlaqəlidir”.

 

Bu fənlərin dərs saatları artırılıb - Nazirlikdən təlimat 

 

2020-2021-ci tədris ilində dərsdənkənar məşğələlərə ayrılan  saatlar dərs cədvəlinə daxil edilib.

 

Bu barədə Təhsil Nazirliyi məktəb direktorlarına təlimat göndərib. Həmin təlimata əsasən  dərs saatlarında bəzi dəyişiklik edilib.

 

Bütün azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumi təhsil müəssisələrin I sinfində, “Şahmat” fənni keçilməyən məktəblərin isə II-IV siniflərində, habelə ləzgi dili tədris olunan təhsil müəssisələrinin V-IX siniflərində valideynlər və şagirdlər arzu etdikləri halda dərsdənkənar məşğələlərə ayrılan 1 saat dərs cədvəlinə daxil edilməklə onların ana dilinin tədrisinə verilə  bilər.

 

Füzuli, Beyləqan, Ağcabədi Ağdam, Tərtər,  Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa,Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı,  Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin, habelə  Naxçıvan MR-ın Ermənistanla sərhəddə yerləşmiş məktəblərin VI siniflərində dərsdənkanar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 saat olmaqla ikinci yarımildə  “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunur.

 

Bu şəxslərin təhsil  hüquqlarının təmin edilməsi üçün tədbirlər görüləcək - SƏRƏNCAM  

 

Ermənistanın təcavüzündən əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərilməsi istiqamətində tədbirlər 2020-2025-ci illərdə gücləndiriləcək.

 

Bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

 

Fəaliyyət Planına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bununla bağlı tapşırıq verilib.

 

Həmçinin Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2020-2025-ci illərdə qaçqın və sığınacaq axtaran, eləcə də digər həssas qrupa daxil olan 18 yaşınadək əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsil, sağlamlıq və sosial hüquqlarının təmin edilməsi istiqamətində tədbirlər görülməsi tapşırılıb.

Distant tədris zamanı  fənlər üzrə ixtisar ediləcək mövzular-Müəllimlərin nəzərinə

 

Məlum olduğu kimi koronavirus pandemiyasının qarşısını almaq məqsədilə dərslər distant( məsafədən) davam etdirilir.

 

Distant dərslərin müddətini nəzərə alaraq  tədris proqramında bəzi mövzuların qısaldılması tövsiyə olunur. Lakin proqramda mövzulara ayrılan saatları müəllimlər də  artırıb yaxud azalda bilərlər.

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları