Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-14 12:03:00
İnsan beyninin kompüter ilə birləşməsinə yardımçı olacaq təhlükəsiz üsul yaradıldı    

İnsanın imkanlarını genişləndirmək üçün onun kompüterlə birləşdirilməsi vacibliyini Elon Musk dəfələrlə qeyd edib. Qeyd etmək lazımdır ki, bu istiqamətdə o, Neuralink şirkətini yaradıb və bu şirkət insan beyni üçün nəzərdə tutulmuş neyroimplantların yaradılması ilə məşğul olur.

 

Bu layihə çərçivəsində xüsusi neyroimplantların insan beyninə yeridilməsi planlaşdırılır. Beynəlxalq alimlər isə bu problemə daha fərqli nöqteyi nəzərdən baxırlar. Belə ki, onlar implantların insana qoşulması üzrə fərqli üsul təklif ediblər. Bu barədə Arstechnica saytı xəbər verib.

 

İndiki vəziyyətdə neyroimplantın beyinə inteqrasiyası üçün cərrah əməliyyatı tələb olunur. Bəlkə də nə vaxtsa bu proses peyvəndin vurulması kimi sadə prosesə çevriləcək. Lakin həmin vaxta kimi öz başını əməliyyat masasına qoyacaq insan çox az tapılar. Amerikalı və avstriyalı alimlərdən ibarət xüsusi qrup insan beyni ilə kompüter arasındakı qarşılıqlı əlaqənin qan damarlarına elektrodların yerləşdirilməsi vasitəsilə reallaşdırılmasını təklif edir. Bu istiqamətdə ilk təcrübələr artıq yekunlaşdırılıb. Belə ki, təcrübədə iştirak etmiş iki şəxsin venalarına stent yerləşdirilib.

 

Bu, özündə elektrodları birləşdirən xüsusi elastiki borudur. Növbəti mərhələdə tədqiqatçılar venadakı stenti beynin motor qabığının yanında olan damara kimi yönləndiriblər.


Elektrodlar damar divarlarına bərkidilib. Bu üsul ilə beynin hərəkət siqnallarını təyin etmək mümkündür. İnsan hansısa hərəkəti etməyə çalışan zaman siqnal naqilsiz şəbəkə üzrə kompüterə infraqırmızı ötürücü vasitəsilə ötürülür. Həmin ötürücü isə öncədən cərrah əməliyyatı vasitəsilə insan sinəsinə yerləşdirilir. Kiçik təlimat kursundan sonra təcrübədə iştirak etmiş iki şəxs evə göndərilib. Nəticədə məlum olub ki, 2 həftədən sonra həmin 2 şəxs fikir gücü ilə kompüterdəki mouse işarəsini hərəkət etdirə və ona klikləyə bilib.

 

Bunun vasitəsilə isə Windows 10-dan rahatlıqla istifadə etmək mümkündür. Hal hazırda alimlər bu layihə üçün maliyyə axtarışındadırlar. Onların verdikləri məlumata əsasən bu təchizat yalnız 1 bit məlumat əldə edə bilir. Bu isə genişmiqyaslı layihələr üçün yetərli deyil. Lakin bu cür texnologiya fiziki məhdudiyyətli şəxslərin evlərindən çıxmadan özlərinə internet üzərindən iş tapmalarına yardımçı olacaq.