https://www.zirve.edu.az/
31.10.2020 15:21
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Əsgərə məktub!” layihəsinə qoşulub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub!” layihəsinə qoşulub.

ADNSU-dan AzEdu.az-a bildirilib ki, ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev, eləcə də universitetin müəllim və tələbə heyəti “ASAN xidmət” mərkəzində olub, ərazi bütövlüyümüz uğrunda döyüşən qəhrəman əsgərlərimizə məktublar ünvanlayıblar. Məktublarda düşmənə qarşı rəşadətlə döyüşən hərbçilərimizə minnətdarlıq ifadə olunan səmimi ürək sözləri yazılıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları mübarizədə ordumuzun döyüş əzminin daha da artırılması məqsədilə təşkil olunan bu kampaniyada iştirak edən ADNSU əsgərlərə maddi dəstəklə yanaşı, mənəvi dəstək göstərilməsini daim diqqətdə saxlayır. Bundan öncə ADNSU Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürüb. Həmçinin universitetin əməkdaşları könüllü şəkildə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb və cəbhə bölgəsində əsgərlərlə görüşüb yardım aparıblar.