https://www.zirve.edu.az/
21.10.2020 17:24
“Bu qələbədə bizim də qanımız olsun” şüarı ilə qanvermə aksiyası keçirilib

Bu günlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə peşəsindən asılı olmayaraq, hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Hər kəs ordumuza dəstək olmaq üçün əlindən gələni edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də ordumuza dəstək məqsədilə yaralı əsgərlərimiz üçün “Bu qələbədə bizim də qanımız olsun” şüarı ilə qanvermə aksiyası keçirib.

 

AzEdu.az xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankında keçirilən aksiyada universitet rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları fəal iştirak ediblər.

 

Mərkəzin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb. Müayinə nəticəsində sağlamlığı qan götürməyə imkan verən şəxslər müəyyənləşdirilib.

 

Aksiyaya könüllü qoşulan donorlar xüsusilə sosial izolyasiya tədbirlərinin tətbiq olunduğu və müharibə şəraitinin davam etdiyi dövrdə belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu vurğulayıblar.

 

Hər zaman ordumuzun, əsgərlərin yanında olduğunu qeyd edən ADMİU-nun rəhbərliyi bundan sonra da Silahlı Qüvvələrə dəstək məqsədilə müxtəlif aksiya və layihələrini davam etdirəcəklərini bildirib, Azərbaycanın haqq savaşında iştirak edən hər kəsə uğurlar arzulayıb.