https://www.zirve.edu.az/
28.09.2020 13:48
Kimlər qismən səfərbərliyə cəlb olunacaq? - RƏSMİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev qismən səfərbərliklə bağlı detalları şərh edib.

 

AzEdu.az xəbər verir ki, Z.Abdullayev brifinqdə deyib ki, qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq, Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər, əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar.

 

“Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün imkanlara malikdir.

 

Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, tərəfimizdən zənglər və SMS-lər daxil olduqda dərhal hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlsinlər”.

 

O qeyd edib ki, son günlər böyük sayda Azərbaycan vətəndaşı könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün Xidmətə müraciət edirlər. 

 

“Bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcək”, - deyə Z.Abdullayev yekunlaşdırıb.