Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-26 13:53:00
Sumqayıtda 4 nömrəli tam orta məktəbin 59 məzunundan 55-i yüksək nəticələrlə ali məktəblərə qəbul olundu  

 

Sumqayıtdakı 4 nömrəli tam orta məktəbin məzunları bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında fərqləniblər. Belə ki, məktəbi bitirən 59 məzundan 55-i yüksək nəticələrlə ali məktəblərə qəbul olub.

 

Məktəbin direktoru Səadət Məmmədova AzEdu.az-a verilən məlumata görə, ötən tədris ilində məktəbi 59 şagird bitirib. Onlardan 57-si test imtahanlarında iştirak edib. “Məzunlarımızdan biri sənədini düzgün kodlaşdırmadığına görə prosesdən kənarda qalıb. Daha bir abituriyentimiz isə kollecə qəbul olub. Qalan 55 məzunumuz tələbə adını qazanıb”, - deyən məktəb direktoru 11 nəfərin 500-dən, 5 nəfərin isə 600-dən çox bal topladığını vurğulayıb.

 

O, yüksək bal toplayan məzunların "Şahinlər” hərbi-idman oyunlarında fəal iştirak edən məktəb komandasının üzvləri olduğunu qürurla qeyd edib. Bununla yanaşı, S.Məmmədovanın sözlərinə görə, ali məktəbə imtahanlarda yüksək nəticə əldə edən məzunlar məktəbin bütün ictimai işlərində fəal olublar. ADA Universitetinin “İnformasiya texnologiyaları” fakültəsinə qəbul olan Abdullah Kazımov həm də Təhsil Nazirliyinin qızıl nişanı ilə təltif edilib.