Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-24 15:46:00
İdman Akademiyasının SABAH qrup tələbələri onlayn təqdimat ediblər

 

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasinin İdman menecmenti və kommunikasiya ixtisasi üzrə təhsil alan Sabah qrup tələbələri Publisistika və kütləvi informasiya vasitələri fənnindən ilk seminar-məşğələ dərslərini onlayn qaydada təqdim ediblər.

 

Seminar-məşğələnin ssenarisi adıçəkilən ixtisasda təhsil alan 20 tələbənin hər birinin qeydi nəzərə alınmaqla tələbələr - Ləman Sultanlı və Nərmin İbrahimova tərəfindən hazırlanıb.

Tələbələr Azərbaycan milli mətbuatının əsasını təşkil edən "Əkinçi" qəzetinin fəaliyyətə başlaması və millətini cahillik zəncirindən ayırıb işıqlı sabaha aparmaq istiqamətində Həsən bəy Zərdabinin fəaliyyətindən, dövrün görkəmli ziyalıları ilə bu istiqamətdəki müzakirələrindən, guya məhz əkin və ziraətdən danışacağını hədəfləyən “Əkinçi” adı altında əslində geniş və əhatəli fəaliyyət proqramının olmasından bəhs ediblər.

 

Çətin və qarışıq bir dövrdə yaşayıb fəaliyyət göstərsə də, öz həmvətənlərini inkişaf edən xalqların sırasında görmək istəyən Həsən bəyin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə gəlmiş Fransız müxbirin, eyni zamanda, qızı Qərib Soltanın xatirələrindən, Hacı Zeynalabdin Tağıyevlə dialoqlarından, Mirzə Fətəli Axundzadə ilə məktublaşmasından, Seyid Əzim Şirvani və Nəcəf bəy Vəzirovla müzakirələrindən də danışıblar.

 

Bildiriblər ki, “Əkinçi” insanları cəhalətə qarşı mübarizəyə çağırıb, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərib, qadın azadlığı və qadın təhsili ideyasına nail olub, cəhalətə qarşı kəskin çıxışlar edib, milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərib.  Tələbələr qəzetin maarifləşmə, müasirləşmə, məfkurə saflığı ilə özündən sonra bir sıra mətbu orqanların işıq üzü görməsinə, ictimai fikrin və ictimai düşüncənin, milli mənlik və milli kimlik şüurunun yaranmasına səbəb olduğunu deyərək “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Kaspi” qəzetlərinin yaranması dövründəki çətinliklərdən də danışıb, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Firudun bəy Köçərlinin müxtəlif vaxtlarda “Əkinçi” haqqında söylədiyi fikirlərdən nümunələr gətiriblər.

 

Ümummili lider Heydər Əliyev və Prezident İlham Əliyevin milli mətbuatımızın ilk nümünəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüş “Əkinçi” qəzetinin Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verməsi, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşması, qabaqcıl ideyaların təbliğin istiqamətində böyük xidmətləri haqqında söylədikləri fikirləri xatırladıblar.

 

Onlayn təqdimat “biz hamımız sabahıq, “Əkinçi”nin işıqlarını sönməyə qoymayan SABAH!”, - ifadəsi ilə başa çatıb.

 

Onlayn təqdimatda iştirak edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri Nailə Kələntərli, Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova, İdman menecmenti ixtisası üzrə dekan müavini Qərənfil Sadıqova, İdman psixologiyasının aspektləri fənnini tədris edən Nərmin Əhmədzadə, o cümlədən Publisistika və KİV fənninin müəllimi Pərvanə İbrahimova tələbələrin təqdimatını yüksək qiymətləndirib, obrazların təqdim edilmə bacarıqlarından məmnunluqlarını ifadə ediblər.