Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-18 16:09:00
Azərbaycanlı alimlərin yeni təşəbbüsü hazırlanır  

Sentyabrın 16-da bir qrup azərbaycanlı alimin iştirakı ilə Milli Kimlik araşdırmaları mövzusunda onlayn konfrans keçirilib.

 

Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü deyib ki, milli kimlik mövzusunda hələ bir neçə il əvvəl alimlərin iştirakı ilə kitab hazırlanıb, müxtəlif yönlü araşdırmalar, ictimai tədbirlər keçirilib. Təşkilat sədri bildirib ki, hazırda Azərbaycanda milli kimlik konsepsiyasının ortaya qoyulmasına ehtiyac var. Bunun üçünsə ilk növbədə sahə mütəxəssislərinin, tarixçi alimlərin bir araya gəlib ortaq çalışmasına ehtiyac var.

 

İlk toplantının pandemiyanın mövcud şərtləri nəzərə alaraq onlayn formada keçirildiyini qeyd edən M. Göyüşlü növbəti toplantıların fərqli formatlarda keçiriləcəyini bildirib. O qeyd edib ki, konfrans və toplantılarda Milli Kimlik mövzusunda müzakirələr aparılacaq, mütəxəssislərin məruzələri dinləniləcək, daha sonra isə kitab hazırlanacaq.

 

Tədbirin moderatoru, İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi İH sədri Elçin Əsgərov bildirib ki, bu gün milli kimlik mövzusunda fərqli baxışlar, yanaşmalar olsa da, hər kəs belə bir konsepsiyanın yaradılmasının zəruri olması fikrində ortaqdır. Azərbaycanın gələcək inkişafı, milli birlik və bütövlüyün təmin olunması ilk növbədə Milli Kimlik Konsepsiyasının ortaya qoyulmasından keçir.

 

E.Əsgərov deyib ki, layihənin məqsədi Azərbaycanda bu sahədə mütəxəssis olan şəxslərin bir araya gəlməsi və birgə müzakirə və debatların keçirilməsi, nəticə etibarı ilə Milli Kimlik fikri ilə bağlı mütəxəssis yazılarının ortaya qoyulmasıdır.

 

O bu məqsədlə millikimlik.az adlı internet resursunun yaradıldığını və mövzu ilə əlaqəli yazıların bu saytda yayınlanacağını bildirib.

 

Daha sonra isə ilk konfransın məruzəçisi, tarixçi alim Əkbər Nəcəf müasir tarixçiliyin vəziyyəti, o cümlədən Azərbaycanda tarix elminin hazırkı vəziyyəti haqqında geniş çıxış edib. “Soyuq müharibə”dən sonra dünyada tarix elminə münasibətin dəyişdiyini qeyd edən alimin fikrincə, Azərbaycanda da tarixə yanaşma dəyişməlidir. Mütəxəssisin fikrincə, tarixin yenidən yazılması, tarixi hadisələrə yeni baxış, tarixə konseptual yanaşma qaçılmazdır, yeni dövrün tələbidir. 

 

Azərbaycan Tarix Müəllimləri İB-nin üzvü, tarix dərslikləri üzrə ekspert Aydın Allahverdiyev tarix elminin mövcud vəziyyəti, tarixə yanaşma haqqında danışdı. Alimin fikrincə, tarix həm də təcrübə olaraq vacib elm sahəsi kimi əhəmiyyətini qoruyub saxlayır. Alimin fikrincə, gələcəyə yönəlmiş milli kimlik layihəsi həm də Azərbaycan tarixinin dərindən öyrənilməsi, araşdırılması sayəsində mümkün olacaq.

 

Çıxış edən digər mütəxəssislər, Hacı Hüseynov, Pərviz Ağalarov, Rauf Məmmədov, Elşən Qurbanov və digərləri layihənin reallaşması üçün təklif və fikirlərini səsləndirdilər.

 

Yekunda qərara gəlindi ki, toplantıların davam etdirilməsi ilə yanaşı mütəxəssislər Milli Kimlik mövzusunda geniş araşdırmalar, akademik məqalələr hazırlasınlar. Nisbətən kiçik həcmli məqalələr Milli kimlik saytında dərc olunsun, həmçinin mövzu ilə əlaqədar fikirlər və məlumatlar, konseptual tədqiqatlar isə ictimai müzakirələrə təqdim olunsun.