https://www.zirve.edu.az/
07.09.2020 16:49
Məktəblərdə VİRUS TƏHLÜKƏSİ - Şagirdlər özlərini necə qorumalıdır?

Sentyabrın 15-dən etibarən Azərbaycanın ümumtəhsil müəssisələrində yeni tədris ilinə mərhələli şəkildə başlanılması müəllim və şagirdlərlə yanaşı, valideynlər arasında da virusa yoluxma ilə bağlı narahatlıq yaradıb. Valideynlərin böyük əksəriyyəti dərslərin ənənəvi qaydada olmasını istəsə də, yoluxma riskini nəzərə alaraq övladlarının məktəbə getməsinə ehtiyatla yanaşırlar.

Bəs məktəblərdə virusla mübarizə necə olmalıdır? Sinif otaqlarında yoluxmanın olmaması üçün nələrə diqqət yetirmək lazımdır?

AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı Publika.az-a danışan baş infeksionist Cəlal İsayev bildirib ki, yeni tədris ilindən müəllim və şagird heyətinin gündəlik temperaturu ölçülməli, tibbi maskadan istifadə edilməli, eləcə də koronavirus qeydə alınacaq məktəblərdə profilaktik tədbirlər görülməlidir: “Şagirdlər dərs zamanı Operativ Qərargah tərəfindən verilən tövsiyələrə əməl etməlidirlər. Dərslər açılırsa, sıxlığın azaldılması da nəzərə alınıb. Hələ ki, ibtidai siniflər həftədə 2-3 dəfə dərsə gedəcəklər. Yəqin ki, nazirlik şagirdlərin sinif otaqlarında sosial məsafəni gözləmələrini təmin edəcək. Bundan əlavə, sinifdə şagirdlərin sayı azalacaq. Digər məsələlər isə valideyn və şagirdlərin üzərinə düşür. Kimdə virus şübhəsi varsa, virusa yoluxanla təmasda olubsa, onlarda test aparılacaq. Testlərin ümumi aparılması isə düzgün deyil. Əgər sinifdə bir nəfər yoluxursa, o dərhal məktəbdən uzaqlaşdırılmalı, onunla təmasda olan şəxslər də karantinə alınmalıdır. Çünki başqa şagirdlərin də yoluxma ehtimalı çoxdur. Məktəbin yoluxan şəxsin başqaları ilə təmasda olub-olmadığından xəbəri yoxdur. Şagirdlər burada diqqətli olmalıdır”.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, hansısa sinifdə istənilən halda müəllimin və ya şagirdin yoluxması faktı dərs başlayandan 2-3 gün sonra müəyyən olunursa, həmin sinifdə olan bütün şagirdlər karantinə alınmalıdır: “Həmin sinfin ənənəvi qaydada dərslərə davam etməsi dayandırılmalı və distant qaydaya keçməlidirlər. Amma xüsusi cihazlar vasitəsilə şagirdlərin temperaturlarının yoxlanılması nəzərdə tutulub. Müvafiq olaraq temperatur 37 dərəcədən yuxarı olarsa, şagird dərsə buraxılmayacaq. Bundan əlavə, onlar qoruyucu maska ilə dərsə gəlməlidirlər. Aşağı yaş qrupundan olan şagirdlərin maskadan istifadəsi isə məsləhət görülmür. Həmçinin, müəllimlər də qoruyucu tədbirlərdən istifadə etməlidirlər. Sinif otaqlarının da hər gün dezinfeksiya edilməsi nəzərdə tutulur”.

Bəs, orta məktəblərdə koronavirusa yoluxma riskini azaltmaq üçün aparıcı ölkələr hansı təcrübədən istifadə edir?

E.Əfəndi bildirib ki, Rusiyada dərslər ənənəvi qaydada başlayıb, sinif otaqlarında maskadan istifadə və sosial məsafənin gözlənilməsi tələbi qoyulmayıb: “Ancaq Rusiya məktəblərində şagirdlər arasında yoluxma halı olarsa, ölkənin distant təhsilə keçəcəyi nəzərdə tutulur. Almaniya, Belçika və digər Avropa ölkələrində müəyyən yaş qrupları üçün maskadan istifadə tələbi var. Biz də bu ölkələrin təcrübəsindən bəhrələnmişik. Bu ölkələrdə də yoluxma olarsa, həmin sinifdə dərslər dayandırılacaq və bütün şagirdlər test olunacaq. Təklif edirəm ki, hansısa sinifdə yoluxma qeydə alınarsa, distant təhsil bütün məktəbə deyil, təkcə sinifə şamil olunsun”.

Ekspert qeyd edib ki, hazırkı vəziyyətdə şagird sıxlığını azaltmaq üçün əlverişli şərait yaranıb: “Elə siniflər var ki, şagird sayı 44-dən çoxdur. Ancaq bu, müəllim çatışmazlığına səbəb ola bilər. Nəzərə alaq ki, auditoriya sayı da çox deyil və modul tipli məktəbləri də yaxın günlərdə tikib istifadəyə vermək mümkün olmayacaq. Dərslər əvvəlki saatda başlayacaq və belə olduqda şagirdlərin yoluxması qaçılmazdır. Təklif edirəm ki, məktəblilər dərslərə insanların işə getdikləri saatda yox, ən geci 10-dan sonra getsinlər. Belə olduqda yoluxma da azalar”.

Qeyd edək ki, ABŞ-da orta məktəblərdə və universitetlərdə ənənəvi təhsilə qayıdış nəticəsində koronavirusa yoluxanların sayında ciddi artım olub. Azı 37 əyalətdəki lisey və universitetlərdə koronavirusa yoluxma aşkarlanıb. Ümumilikdə 25 mindən çox tələbə və işçinin COVID-19-a yoluxduğu deyilir.