https://www.zirve.edu.az/
02.07.2020 18:00
Alimlərə Dövlət mükafatının döş nişanı və diplomu təqdim olunub
Çap et

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun alimlərinə- institutun direktoru, akademik Nazim Məmmədov, laboratoriya rəhbərləri- Nadir Abdullayev, İmaməddin Əmiraslanov və böyük elmi işçi Ziya Əliyevə  Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının döş nişanı və diplomu təqdim olunub. Döş nişanı və diplom alimlərə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən təqdim edilib.

        

AzEdu.az xəbər verir ki, mayın 22-də Prezident İlham Əliyevin  sərəncamına əsasən, 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə yuxarıda adları qeyd olunan şəxslər layiq görülüblər.

 

Məlumat üçün bildirək ki,  20 dekabr 2019-cu ildə "Nature" jurnalında  nəşr olunan “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna istinadların sayı 100-ü keçib. Həmin məqalə antiferromaqnit topoloji izolyatorunun kəşfi haqqındadır. Bu kəşf  gələcəkdə itkisiz enerji daşınması və digər sahələrdə tətbiq edilməsi  baxımından faydalı olacaq.