Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 15:16:00
Çox sərfəli təqaüd proqramı – Bircə qəbul olunun, bütün xərclər ödəniləcək

Xaricdə təhsil almağı planlaşdıran gənclər daim təqaüd proqramı axtarışındadırlar. Onlar özləri üçün ən faydalı və sərfəli saydıqları təqaüdləri tapıb, müraciət etməyə çalışırlar. Belə təqaüdlərdən biri “Erasmus Mundus Joint Masters Degree”  (EMJMD) proqramıdır.

 

AzEdu.az “Erasmus Mundus Joint Masters Degree” təqaüd proqramı haqqında yazını təqdim edir:

 

EMJMD bir neçə fərqli  Avropa universitetinin təklif etdiyi bir magistr proqramıdır. Dünyanın ən reytinqli və perspektivli təqaüd proqramlarından biri hesab olunur və birbaşa olaraq Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Bu da o deməkdir ki, proqram müddətində və həmçinin bitirdikdən sonra sizin Avropa qurumlarında praktika və hətta iş tapmaq imkanlarınız olacaqdır.

 

Proqram vasitəsilə siz 2 və daha çox ölkə və universitetdə təhsil alacaqsınız. Təsəvvür edin, bir semestr Şotlandiyada Qlazqo Universitetində (University of Glasgow), növbəti semestri İrlandiyada Dublin Şəhər (Dublin City University), sonuncu semestr isə Praqada Çarlz Universitetində (Charles University) təhsil alırsınız.

 

Universitet sayı proqramdan proqrama dəyişir, bu rəqəm 7-8 belə ola bilər.

 

Bəs təqaüd proqramına nələr daxildir?

Aylıq 1000 avro;

Oxuduğunuz ölkədən asılı olaraq, illik 2000 və ya 3000 avro səyahət üçün, həmçinin illik 1000 avro yerləşdirilmə üçün;

Təhsil haqları;

Tam sığorta təminatı;

Digər məcburi iştirak xərcləri.

 

Bir sözlə desək, yalnız qəbul olmağınız yetərlidir, əlavə heç bir xərc çəkməli olmursunuz. Hətta əksər müraciət formaları belə ödənişsizdir.

 

Bəs sizə müraciət etmək üçün nələr lazımdır?

 

IELTS (6.5 və yuxarı);

Rezyume (müraciət edəcəyiniz fakültə ilə əlaqəli iş təcrübəsi arzuolunandır).

Motivasiya məktubu;

 

2 referans məktubu (məktublar  yazan insanın işlədiyi qurum tərəfindən tanınmalıdır);

 

Rəsmi akademik transkript.

 

Qeyd edək ki, əlavə məlumat üçün buraya daxil ola bilərsiniz.