https://www.zirve.edu.az/
14.06.2020 12:15
Deputatdan dövlət qulluğuna qəbulla bağlı mühüm TƏKLİFLƏR

Milli Məclisin deputatı Fatma Yıldırım dövlət qulluğuna qəbul prosedurunun sadələşdirilməsi üçün təkliflər verib.

 

AzEdu.az-ın məlumatına görə, F.Yıldırım Oxu.Az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmiz demokratik dövlət quruculuğu və sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

 

Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə dövlət qulluğu sahəsində normativ-hüquqi baza yaradılıb, vakant vəzifələrin tutulmasının mexanizmləri formalaşdırılıb.

 

O, Milli Məclisin iyunun 12-də keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin dövlət qulluğuna qəbulla bağlı çıxış etdiyini xatırladıb.

 

Millət vəkili hesab edir ki, dövlət orqanlarının səmərəli fəaliyyətinin təmin edilməsi üçün onların strukturu təkmilləşdirilməli, uzun müddət mövcud vakant vəzifələri bağlanmayan qurumlarda ştatların ixtisarı və optimallaşdırılması məsələləri aktuallaşdırılmalıdır.

 

“Dövlət orqanlarında rəhbər vəzifələrin tutulması mexanizmləri sadələşdirilməli, orqanların rəhbərlərinin bu vəzifələrə kadr seçimində səlahiyyətləri genişləndirilməlidir. Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsində bilik, müsahibələrin aparılmasında isə peşəkarlıq tələbləri və kompetensiyaları müəyyən edən mexanizmlar yaradılmalıdır. Hazırda hər iki mərhələ bir növ bir-birini təkrarlamaqdadır. Yeni tətbiq olunan qəbul sistemi son illər özünü tam doğrultmur”, - deyə F.Yıldırım əlavə edib.

 

O bildirib ki, statistik məlumatlara baxsaq, müsabiqənin hər iki mərhələsindən uğurla keçərək  təyinat alanların sayının çox aşağı olduğunu görərik.

 

Bu da ümumilikdə dövlət qulluğunda çalışmaq istəyən vətəndaşlarımızda bu qəbul sisteminə inamsızlığı formalaşdırır, gənc, yaradıcı və potensiallı kadrların daha cox özəl sektora yönələrək orada çalışmağa sövq edir. Ona görə hazırda bu məsələ çox aktualdır və yeni yanaşma tələb edir.

 

F.Yıldırım qeyd edib ki, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında inzibati vəzifələrin dövlət qulluğu qanunvericiliyinin tələblərinə uyğun olaraq tutulması üçün zəruri tədbirlər görülməlidir:

 

“Çünki bəzi dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarının kadr siyasətində hələ də subyektiv amillərin və dostluq, qohumluq əlaqələrinin güclü təsiri vardır.

 

Dövlət orqanlarında rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması qaydaları təkmilləşdirilməli, daha işlək mexanizmə çevrilməlidir. Maliyyə, vaxt və digər resurslara qənaət etmək üçün dövlət orqanlarında vakant vəzifələrə müsabiqə keçirilmədən ilk növbədə uyğun olan daxili kadrlardan səmərəli istifadə olunmalıdır. Sonra isə ümumi vahid ehtiyat kadrlar bankından kadrlar təyin edilməlidir. Bu, həm dövlət qulluğunda karyera yüksəlişinə olan inamın, həm də ümumiyyətlə dövlət qulluğunda çalışmaq istəyənlərin sayının artmasına səbəb olacaq”.

 

Milli Məclis üzvü dövlət qulluqçularının fəaliyyətində səmərəliliyinin artırılması, onların qulluqdaqalma motivasiyasının, həmçinin, dövlət qulluğunun cəlbediciliyinin artırılması istiqamətində də fikirlərini böıüşüb.

 

“Bu məqsədlə onların əməkhaqqı, sosial müdafiə və sosial təminat sistemi gücləndirilməlidir. Özü və ailə üzvləri tam paket sağlamlıq sığortası ilə təmin olumalıdırlar. Dövlət qulluqçularının layiqli həyat səviyyəsinin təmin edilməsi üçün özəl sektorla müqayisədə rəqabət qabiliyyətli əməkhaqqı sistemi yaradılmalıdır. Dövlət qulluqçularına və xüsusilə də aşağı təsnifat vəzifələrdə qulluq keçən dövlət qulluqçularının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial təminat mexanizmləri işlənib hazırlanmalıdır.

 

İctimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə, bu orqanlarda çalışan dövlət qulluqçularından asılıdır. Bu səbəbdən ümidvaram ki, səsləndirdiyim təkliflər dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək peşəkarlığı olan, vətənpərvər, məsuliyyətli, mənəvi və etik dəyərləri əsas tutan dövlət qulluqçuları korpusunu formalaşdırması üçün faydalı olacaq”.