https://www.zirve.edu.az/
05.05.2020 17:09
Onlayn təhsildən geri qalan müəllimlərə necə yardım göstərilə bilər? - Açıqlama
Çap et

Ölkəmizdə koronavirusla mübarizə çərçivəsində uzun müddətdir bir sıra müəssisələr fəaliyyətini dayandırıb.

 

Belə müəssisələr sırasında təhsil ocaqları da var. Uzun müddətdir təlim-tədris prosesindən kənar qalan şagirdləri cəlb etmək üçün müxtəlif addımlar atılıb.

 

Çıxış yolu kimi onlayn və teledərslər təklif olunsa da, bütün müəllim və şagirdləri cəlb etməkdə problemlər yaşanıb. Çünki rayon və kəndlərdə internetin zəifliyi və ümumiyyətlə, yoxluğu prosesin davamlılığına mane olub.

 

Lakin burada yaranan digər problemlərdən biri də "Virtual məktəb" layihəsinə qoşulmaqda çətinlik çəkən müəllimlərlə bağlıdır. Gənclər texnologiyaya bələd olduqları üçün zaman ciddi maneə ilə üzləşmirlər, amma orta və yaşlı nəsil üçün bunu demək bir qədər çətindir.

 

Təhsil eksperti Elçin Əfəndiyev "Virtual məktəb" layihəsini yüksək qiymətləndirib:

 

"Bu proqram təqdirəlayiqdir. O baxımdan ki, istənilən növ fövqəladə vəziyyət rejimində təhsilalan və təhsilverənlərin prosesdən kənarda qalmamalarına münbit şərait yaradır. Baxmayaraq ki, mövcud qanunvercilikdə distant formalı təhsil ölkə üzrə tanınmır. Amma belə məqamlarda ən ideal çıxış yolu məhz sözügedən üsuldur. Bunu da Təhsil Nazirliyi vaxtında və çevik tərpənərək tətbiq etdi. Amma hər bir görülən işin çatışmazlığı olduğu kimi burada da belə məqamlar var. Müvafiq olaraq internetlə təminatın tam əhatə olunmaması, hər bir şəxsdə platformadan istifadə etmək üçün texnoloji avadanlığın olmaması, müəllimlərin bir çoxunun internet və İKT barədə məlumatsızlığı və sairə bura daxildir".

 

Ekspert virtual məktəb layihəsinə qaşulmaqda problemlər yaşayan müəllimlərə yardımla bağlı təkliflərini irəli sürüb:

 

"Digər nüanslar tədricən öz həllini tapa bilər. Amma müəllimlərin prosesdən kənar qalması heç də ürəkaçan hal deyil. Təhsil müəssisələrində gənc nəsil bildiyiniz kimi bu prosesdə çətinliklə üzləşmir. Əsasən, orta və yaşlı nəsil nümayəndələrinin çətinliyi göz önündədir. Bu isə əsas vermir ki, biz həmin şəxsləri kənarda saxlayaq. Təklif edərdim ki, onlar üçün maarifləndirici, təlimat xarakterli videolar hazırlanmalı və yaxud da vebinarlar vasitəsilə öyrədilməlidir. Düzdür, Təhsil Nazirliyi bununla bağlı bir neçə videotəlimat hazırlayıb. Düşünürəm ki, iş təkcə bunlarla bitməməlidir. Konkret olaraq bir neçə şəxs ayrılmalı və qoşula bilməmə problemi olanlarla xüsusi işləməlidirlər.

 

Nəzərinizə çatdırım ki, müəllimlərin internetə girişləri də təmin olunmalıdır. Elə ucqar kəndlərimiz var ki, orada internet problemi var və istər müəllim, istərsə də şagird bu platformadan yararlana bilmir. Onlara dəstəyi təkcə Təhsil Nazirliyi yox, digər sosial institutlar da verməlidir. Çünki burada xalqın maariflənməsindən söhbət gedir. Marrifləndirmə adı ilə neçə-neçə QHT-lər var. Onlar da bu işdə yardımçı olmalıdır.

 

Fikrimcə, pandemiya dövründə və ya ondan sonra məsul qurumlar bugünki çatışmazlıqlarla bağlı müvafiq qeydlər əsasında işlər görəcəklər. Tədricən bu sistem öz yerini alacaq".

 

MediaPost