https://www.zirve.edu.az/
28.04.2020 16:42
“İtaliyadakı tələbələrimizin maddi durumunda problem yaranıb” - Deputat
Çap et

“İlk növbədə yenidən Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri seçildiyim üçün həm Milli Məclisin rəhbərliyinə, həm də həmkarlarıma təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, əvvəlki illərdə olduğu kimi yenə də bu fəaliyyətimdə həm mən, həm də işçi qrupunun üzvləri İtaliya-Azərbaycan parlamentlərarası və dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

 

Bu fikirləri AzEdu.az-a Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli deyib. İşçi qrupunun rəhbəri İtaliyadakı azərbaycanlıların durumu ilə mütəmadi olaraq maraqlandığını da bildirib:

 

“Parlamentlərarası işçi qrupun rəhbəri kimi, COVİD-19 pandemiyası dövründə İtaliyadakı vəziyyətlə maraqlanıram. Azərbaycanın İtaliyadakı səfiri cənab Məmməd Əhmədzadə ilə mütəmadi olaraq əlaqə saxlayıram. Bildiyiniz kimi, İtaliya Azərbaycandan olan tələbələrin sayına görə Avropada birincilər sırasındadır. İtaliyanın həm şimalında, həm də cənubunda çoxlu sayda azərbaycanlı tələbələr oxuyur. Eyni zamanda, təəssüf ki, İtaliya koronavirus pandemiyasından ən çox ziyan çəkmiş ölkələr sırasında da birincilərdəndir. Yoluxanların sayına görə Avropada İspaniyadan sonra ikinci, dünyasını dəyişənlərin sayına görə isə dünyada Amerikadan sonra ikincidir. Təbii ki bunlar məni narahat etməyə bilməz".

 

Azər Kərimlinin sözlərinə görə, azərbaycanlıların təxliyyə edilməsinə görə, İtaliya Avropada ilk ölkə olub:

 

“Martda 161 Azərbaycan vətəndaşı İtaliyadan Azərbaycana təxliyyə edilib. Baxmayaraq ki, o zaman Azərbaycanın İtaliyadakı səfirliyinə 200 nəfər müraciət etmişdi. Buna görə də Azərbaycandan İtaliyaya Azərbaycan Hava Yollarının müvafiq tutumlu təyyarəsi göndərilmişdi. Son anda bəzi vətəndaşlarımız öz qərarlarını dəyişdilər və 161 nəfər təxliyyə olunaraq karantinə yerləşdirildi. Artıq həmin vətəndaşlarımızın karantin dövrü bitib. Buna görə də möhtərəm cənab prezidentimizə və Nazirlər Kabineti yanında Operativ Qərargahın rəhbərliyinə təşəkkürümü bildirirəm. Eyni zamanda, çoxsaylı tələbələrin də təşəkkürünü sosial şəbəkələrdən izləyə bildiz”.

 

Parlamentari İtaliyada qalan azərbaycanlıların hazırki durumunu da şərh edib:

 

“Bu gün də İtaliyada əsasən azərbaycanlı tələbələr qalmaqdadır. Onların bəziləri təxliyyə edilməsi üçün səfirliyə müraciət ediblər. Bildiyiniz kimi, ölkəmizdə karantinə yerləşdiriləcək insanların sayı ilə bağlı məhdudiyyət var. Ona görə də hələlik İtaliyadan ikinci təxliyyə ilə bağlı heç bir məlumat verə bilmərəm. Pandemiya şəraitində İtaliyadakı bəzi vətəndaşlarımızın, xüsusilə tələbələrimizin maddi durumunda da problem yaranıb. Azərbaycanın İtaliyadakı səfirliyi vətəndaşlarımıza öz daxili imkanları hesabına mümkün qədər maddi, həm də mənəvi yardım edir. Səfirlikdə 24 saat "qaynar xətt" fəaliyyət göstərir ”.

 

Azər Kərimli İtaliyada vəziyyətin müsbətə doğru getdiyini də qeyd edib:

 

“Son həftə İtaliyada pandemiya ilə bağlı müsbət dinamika izlənilir. Yoluxanların sayı sağalanların sayından azdır. Dünyasını dəyişənlərin sayı kəskin şəkildə aşağı düşüb. Hətta yola saldğımız bazar günü İtaliya hökumətinin qərarı oldu ki, mayda müəyyən müəssisələr mərhələli şəkildə fəaliyyətə başlasın. Karantin rejiminin yumşaldılması da artıq baş verib və hətta Turin vilayətində "Fiat" şirkətinin böyük müəsisəsi də artıq işə düşüb."