Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 16:24:00
“Virtual məktəb” layihəsinə necə qoşulmaq lazımdır?-Nazirlik rəsmisindən DƏQİQ İZAH

 

Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilir. Layihənin məqsədi, əhatə dairəsi, texniki prosesi kimi məsələləri Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov açıqladı. Vüsal Xanlarov AzEdu.az-a açıqlamasında “Virtual Məktəb” layihəsinin yaradılmasının zərurəti haqda bunları qeyd etdi:

 

“UNESCO-nun hesablamalarına əsasən, Koronovirus pandemiyası səbəbilə 1 milyarda yaxın uşaq təhsildən kənarda qalıb. Tibbdən sonra təhsil sahəsi bu virusdan ən çox əziyyət çəkən ikinci sahədir. Azərbaycanda martın 11-dən başlayaraq teledərslərə start verilib. “Virtual məktəb” layihəsi həmin “Dərs vaxtı”nın davamı kimi olacaq”. Bu layihə valideynləri də təhsilə cəlb edəcək. Valideynləri yeni yaradılan layihədə övladları ilə birgə fəaliyyətə səsləyirik.

 

“İlk növbədə internetə çıxış lazımdır”

 

Valideynləri və şagirdləri hazırda ən çox texniki məsələlər, yəni qeydiyyat prosesi düşündürür. Layihəyə necə qoşulmaq lazımdır?

 

Bu layihədən istifadə üçün ilk növbədə internetə çıxış lazımdır. Valideynlər və ya şagirdlər şəxsiyyət vəsiqələrinin fin kodları ilə qeydiyyatdan keçə bilərlər. Mail ünvanlarını qeyd edəcəklər və qeydiyyatdan uğurla keçmələri haqda onlara mesaj göndəriləcək. Daha sonra sistemə daxil ola biləcəklər.  Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçdikdən sonra  öz yaşına uyğun sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftə içi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanan ev tapşırıqlarını yerinə yetirəcəklər.

 

Bu layihə şagirdlər üçün əlavə imkan yaradır ki, televiziyadan izlədikləri mövzulara uyğun test tapşırıqlarını həll etsinlər. Növbəti mərhələdə layihəyə müəllimlər də cəlb ediləcək ki, onlayn formada şagirdləri ilə müzakirə edə bilsinlər.

 

Layihə karantin rejimi bitdikdən sonra da, davam edəcək. Kim nə zaman istəsə, qoşula biləcək. 1-ci sinifdən 11-ci sinfədək-bütün sinifləri əhatə edir.

 

Vüsal Xanlarov son olaraq bu gün yaranan qeydiyyat problemlərinə də toxunub:

 

“Sistem bu gün səhər saatlarında  istifadəyə verilib. Çox sayda müraciət olduğu üçün gecikmələr olur. Qeydiyyatdan keçən hər kəsə məlumat göndəriləcək. Gecikmələr olsa da, sistem işlək vəziyyətdədir. Biraz səbr etmək lazımdır”.

 

Qeyd edək ki, Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları