https://www.zirve.edu.az/
30.03.2020 13:40
Ali məktəb-televiziya əməkdaşlığının nümunəvi məhsulu - "Telemühazirələr"
Çap et

Son günlər dünyada baş verən koronavirus pandemiyası səbəbindən Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq , Azərbaycanda da bir aylıq karantin tədbirləri və sosial təcrid işləri həyata keçirilməkdədir. Məlumdur ki, artıq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali və orta təhsil müəssisələri, kolleclər, peşə məktəbləri  və uşaq bağçalarında tədris, təlim-tərbiyə prosesi dayandırılıb, bütün işçilər karantin müddətində ödənişli məzuniyyətə göndərilib. 

 

AzEdu.az xəbər verir ki, hər bir təhsil müəssisəsinin əsas məqsədi şagird və tələbələrinin bilik, bacarıq səviyyəsinin artırılması, mənimsəmənin möhkəmləndirilməsi işini həyata keçirməkdir. Ona görə də məlum hadisələr fonunda bütün təhsil müəssisələri öz tələbələri ilə bu və ya digər formada əlaqə yaradır, onlara email və sosial şəbəkələr vasitəsilə elektron mühazirələr, video-materiallar ötürərək dərslərdən geri qalmalarının qarşısını alırlar.

 

Bu yerdə xüsusi  qeyd edilməlidir ki, Təhsil Nazirliyi Mədəniyyət kanalı ilə birgə “Dərs vaxtı” adlı veriliş hazırlayaraq orta məktəb şagirdlərinə təqdim edir və bu səylər   cəmiyyətdə müsbət qarşılanır.    

 

Etiraf etmək lazımdır ki,  distant tədrisin üstünlükləri var  və tələbələrdə onlayn tədris formatına  maraq artır.  Telemühazirələr də indiki halda yaxşı effekt verir. Ona görə də ADPU-nun Quba filialının  rəhbərliyi regionun ən baxımlı kanalı olan   "Qafqaz" TV-nin imkanlarından yararlanmaq üçün televiziyaya müraciət etdi və müraciətə müsbət cavab verildi. Qarşılıqlı müzakirə və təkliflərdə  “Telemühazirələr” adlı dərs-veriliş formatı üzərində dayanıldı.  Artıq  mart ayının əvvəlindən etibarən ADPU-nun Quba filialının "Qafqaz" TV ilə birgə layihəsi- "Telemühazirələr" efirdən  evdə karantin tələblərinə əməl edən tələbələr üçün mükəmməl bir imkan yaradıb.

 

Qeyd edək ki, “Telemühazirələr”in ilk yayımında filialın direktoru,  dosent Yusif Alıyev layihənin məqsədi, yaranma səbəbləri, hədəfləri haqqında məlumat verib. Televiziya studiyasında geniş auditoriyanın qurulması, yaxın gələcəkdə vebinar formalı layihələrin həyata keçirilməsi, xarici universitetlərdə çalışan müəllim və mütəxəssislərin onlayn dərslərinin hazırlanması üçün də böyük imkanlar yaradılıb.

 

Hər gün televiziyanın dezinfeksiya olunan  studiyasında “Telemühazirələr” üçün davamlı olaraq filialın 3 kafedrasının qabaqcıl müəllimlərindən  Eyvaz Şeydayev, Aysel Şeydayeva, Pərvanə Rzayeva, Kəmalə Bayramova, Nübar Bayramova, Yusif Abayev, Mürvət Əliyev, Təhminə Əliyeva və digərlərinin mühazirələri çəkilir,  gün ərzində 2 dəfə yayımlanaraq tələbələr, müəllimlər tərəfindən izlənilir. Daha sonra bu çəkimlər televiziyanın “Youtube” səhifəsinə yerləşdirilərək geniş istifadəçi kütləsinin ixtiyarına verilir.

 

Növbəti “Telemühazirələr”də hər bir ixtisas üzrə mühazirələrin təqdim edilməsi də planlaşdırılıb.

 

Mövcud sosial təcrid şəraitində Azərbaycan təhsilini, Azərbaycan gəncliyini düşünərək bu ideyanı irəli sürən, reallaşmasına  dəstək verən, bir sözlə əməyi  keçən hər kəsə həqiqətən də böyük minnətdarlıq və təşəkkür düşür.