Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-28 15:35:00
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Təhsil nazirinin iştirakı ilə görüş təşkil edib

Bu gün  Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə “Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti” adlı görüş təşkil edib.

AzEdu.az xəbər verir ki, tədbirdə səfirliklərin və dövlət qurumlarının təmsilçiləri, üzv şirkətlərin direktor və nümayəndələri iştirak edib.

Görüş CCIAF-in İdarəedici direktoru Zibər Hüseynova və İdarə Heyətinin sədri  Teybə Quliyevanın açılış nitqi ilə başlayıb. Daha sonra Fransanın Azərbaycandakı səfiri Zacharie Gross çıxış edərək Azərbaycanla Fransa arasında təhsil sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb və bu kimi tədbirlərin iki ölkə arasında təhsil, biznes, iqtisadiyyat sahəsində əlaqələrin genişləndirilməsi baxımından mühüm olduğunu qeyd edib.

Təhsil naziri Ceyhun Bayramov qonaqlara təhsil sahəsindəki son islahatlar, beynəlxalq əlaqələrin güclənməsi, peşə təhsilinin inkişafına dair görülən tədbirlər və özəl sektor ilə təhsil institutları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verib. O, uğurlu islahatların həyata keçirilməsi və əmək bazarının tələbatlarına uyğun kadr hazırlığı üçün biznes sahibləri ilə  dövlət təhsil institutları arasında sıx əməkdaşlığın vacib olduğunu vurğulayıb. Bu istiqamətdə CCIAF-in aktiv fəaliyyətini qeyd edərək Palata nümayəndələrinə öz təşəkkürünü bildirib, eləcə də həmin fəaliyyətin nəticələrindən biri kimi Palatanın üzvü olan UFAZ-ın digər üzv şirkətlərlə imzaladığı anlaşma memorandumlarını təqdirəlayiq hesab etdiyini qeyd edib.

Tədbirdə Palatanın üzvləri olan UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev də çıxış ediblər. Onlar universitetlərin beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və gələcək fəaliyyət planları barədə iştirakçılara məlumat verib.

Görüş sual-cavab, ardınca netvorkinq sessiyası ilə davam edib.

Qeyd edək ki,  Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycanı ilə Fransa arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual  məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.