Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-27 16:05:00
Kurikulum və digər vacib məsələlər Nazirliyin nümayəndələri ilə müzakirə ediləcək

 Ötən günlərdə Təhsil Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib.

İclasda  Nazirliyin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə,  İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov və Təhsil nazirinin müşaviri Elnur Məmmədov iştirak edib.

İctimai Şuradan AzEdu.az-a verilən məlumata görə  iclasda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarında edilə bilinəcək dəyişiklikləri və bir neçə digər məsələləri müzakirə olunub. 

İctimai Şuranın sədr müavini Nadir İsrafilov AzEdu.az-a açıqlamasında növbəti müzakirələrin də baş tutacağını vurğulayıb.

“Kurikulum, qiymətləndirmə məsələləri  ilə bağlı müzakirələr tam yekunlaşdıqdan, bütün rəy və təkliflər ümumiləşdirildikdən sonra ayrıca olaraq Şuranın ümumi müzakirəsinə çıxarmağı düşünürük. O cümlədən, vahid məktəbli forması ilə bağlı maraqlı tərəflərin təklifləri də hələ bütövlükdə tamamlanmayıb. Proses tam başa çatdıqdan sonra növbəti müzakirə baş tutacaq. Növbəti müzakirələrdən biri də dərsliklərlə bağlı olacaq”.

Qeyd edək ki, yaxın günlərdə iclasda müzakirə olunan məsələlər barədə aiddiyyatı qurumlar rəsmi açıqlama verəcək.