https://www.zirve.edu.az/
26.02.2020 16:16
Magistratura imtahanının respublika birincisi: “Vaxt sərf etmədim və…”

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrini  dünən elan edildi.

İmtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi ölkə birincisi oldu. BANM-nin Neft-Qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Seymur Rəhimov qəbul imtahanında ən yüksək nəticə (95 bal) toplayıb.

O, Bakı Ali Neft Məktəbinin bakalvr pilləsinə 2015-ci ildə 678 balla qəbul olub.

Seymur Rəhimov imtahanla bağlı təəssüratını AzEdu.az-la bölüşdü.

“İmtahan verdikdən sonra ikinci olacağımı proqnozlaşdırırdım. Amma birinci olmaq mənim üçün də sürpriz oldu. Ölkə birincisi olmaq qürurvericidir. Effektiv çalışaraq qısa müddətdə yüksək nəticəyə nail olmaq mümkündür.

 İmtahan üçün daha çox bilmədiyim mövzulardan hazırlaşdım. Bildiyim mövzulara vaxt sərf etmədim. Digər tələbələr adətən bütün proqrama diqqət yetirirlər. Mən belə etmədim”.

İmtahan üçün sadəcə,  2 ay hazırlaşdım.

Seymurun magistratura, ümumiyyətlə, başqa pilləli imtahanlarda iştirak edəcək şəxslərə tövsiyəsi də konkret olub:

 

“Magistratura imtahanına hazırlaşan digər tələbələrə məsləhətim odur ki, bildikləri mövzular üzərində çox vaxt itirməsinlər. Digərlərinə fokuslansınlar”.

İmtahana düşən sualların səviyyəsinə gəlincə isə, ölkə birincisi bunları deyir:

“İnformatika həqiqətən çətin idi. Ola bilər ki, yarım saat artırıldığı üçün sualların səviyyəsi ağırlaşdırılıb. Lakin düşünülməliydi ki, hər kəs informatika ixtisası üzrə təhsil almayıb. Ən asan məntiq sualları salınmışdı. Təhsilimi Azərbaycanda davam etdirəcəyəm. Dəqiq hansı universitet olacağına isə qərar verməmişəm.  Bəzi detallar var, özüm üçün onları müəyyən etdikdən sonra qərar verəcəyəm.”-, deyə Seymur bildirib.

Məlumat üçün bildirək ki, Seymur Rəhimov 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "İstedadların Hazırlığı Laboratoriyası" adlı olimpiadanın respublika turunda 3-cü, 2014-cü ildə isə 2-ci yerə layiq görülüb.

Firayə ALLAHVERDİYEVA