Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 18:00:00
Qubada regional müşavirə

Qubada Təhsil Nazirliyinin təşkilatçılığı və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin  dəstəyi ilə regional müşavirə keçirilib.

 Müşavirə “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı  və  yol-nəqliyyat  hərəkətinin  təhlükəsizliyi  ilə  əlaqədar  maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə  əlaqədar keçirilib.

 Müşavirədə Təhsil Nazirliyinin məsul əməkdaşları, Milli Agentliyin nümayəndəsi,  Fövqəladə  Hallar  Nazirliyinin  Şimal  Regional  mərkəzinin  əməkdaşı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı  Rayon Təhsil şöbələrinin  müdirləri və təhsil müəssisələrinin rəhbərləri, kollec, peşə və internat müəssisələrinin direktorları, eləcə də  həmin regionlar üzrə çalışan gənclərin çağırışaqədərki hazırlığı üzrə hərbi rəhbərləri iştirak ediblər.

 Keçirilən müşavirənin əsas məqsədi qeyd olunan məsələ ilə əlaqədar yerli təhsili idarəetmə orqanlarında çalışan rəhbər və digər aidiyyəti işçilərlə müvafiq maarifləndirmə işinin aparılması olub. Eyni zamanda gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninə aid kabinetlərdə təlim silahları, sursatları və elektron silahların saxlanma qaydaları barədə geniş məlumat vermək, təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini göstərmək və çağırışaqədərki rəhbərlərin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək olub.

 Müşavirədə çıxış edən Təhsil Nazirliyinin Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat verib. Yerli idarəetmə qurumlarının müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi ilə bağlı yerlərdə aparılan işlər zamanı yol verilən nöqsanlardan, bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıb, nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

 ANAMA-nın nümayəndəsi İdris  İsmayılov  çıxışında minaların zərərsizləşdirilməsi, əleyhqazlardan istifadə olunması, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursat (minalar, qumbaralar, mərmilər və digər partlayıcı əşyalar) və təqliğ vasitələri aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması və bu barədə dərhal 102 və ya 112 “Qaynar xətti”nə məlumat verilməsinin önəmini vurğulayıb.

 Fövqəladə Hallar Nazirliyinin  Şimal  regional  Mərkəzinin  əməkdaşı  Mərdan  Mərdanov  idarə  və  təşkilatlarda  bu  səpkidə  tədbirlərin  keçirilməsinin  vacibliyindən,  təhsil  müəssisələrində  fövqəladə  halların  proflaktikası  və  görüləcək  tədbirlərdən  danışıb.  

 Təlimdə çıxış edən Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri Qılman Eyvazov GÇH fənninin şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını bildirib.

 Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən  Ağayev müvafiq dövlət standartları əsasında hazırlanmış proqram və dərsliklərə uyğun tədris edilən GÇH fənninin eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi Nizamnamə və  Qaydaların mənimsədilməsinə xidmət etdiyini qeyd edib.

 Müşavirədə  Azərbaycan Respublikası Prezidentinin  27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar müzakirələr də aparılıb.

 Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək yol hərəkəti qaydalarının, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Müşavirə  müzakirələrlə  başa  çatıb.

 Müşavirə  iştirakçıları  daha  sonra  Quba  rayon  Alekseyevka  kənd  tam  orta  məktəbinin  hərbi  kabineti  və  orda  olan  avadanlıqlarla    tanış  olublar.(Azərbaycan müəllimi)