https://www.zirve.edu.az/
23.02.2020 17:05
“Hansısa sahədə problem yoxdursa – bu sahədə inkişaf getmir deməkdir…”
Çap et

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun Kurikulum və Boloniya sisteminin bizə nə verməsi ilə bağlı açıqlaması və həmin Şuranın sədr müavini kimi mənim professorun fikirlərinə reaksiyam kütləvi informasiya vasitələrində və social mediyada böyük rezonans doğurdu. “Kurikulum bizə laızm idimi?”, “Kurikulum təhsilimizə nə verir? “, “Kurikuluma “yox” deyək?” “Qiymətləndirmə təcili dəyişdirilməlidir, kurikulum alayarımçıqdır”, “Kurikulumla bağlı pedaqoji kadrları yetişdirməkdə gecikdik.”, Kurikulumun bu səviyyədə olmasının əsas günahkarı yaşlı müəllimlərdir?”, “Kurikulum ləğv ediləcəkmi?”, “Kurikulumun ləğvinin tərəfdarı deyiləm”, “Kurikulum ayrı-ayrı adamların şəxsi arzusu ilə yaranmayıb”, “Söhbət kurikulumun ləğvindən deyil, yeni nəsil kurikulumların hazırlamasından gedə bilər…” və s. bu kimi və buna bənzər başlıqlı yazılar manşetlərə çıxarıldı. Rafiq Ismayılov, Səlahəddin Xəlilov, Şəmil Sadiq, Qoşqar Məhərrəmov , Məhəmməd Bayramlı , Şahin Rəcəb və bir çox digər tanınmışlar və sıravı müəllimlər, hətta xeyli valideynlər belə müzakirələrə aktiv qoşuldular. Müasir dünya təhsili ilə ayaqlaşmaq baxımından müsbət və müasir yanaşmalarla yanaşı “Kütləvi savadsızlıq yaradır”, “Qərb təfəkkürünün məhsuludur”, “Diaqnostik, formativ, summativ qiymətləndirmələri və formal hesabatları ilə müəllimlərin vaxtını alır”, “Kurikulum sənədində çatışmazlıqlar çoxdur; bu sənəd təftiş olunmalı və təkmilləşdirilməlidir”, “ Kurikulumu təhsildə tətbiq etməmişdən əvvəl müəllimləri bu sistemə ciddi şəkildə hazırlamaq lazımdır” kimi fikirlər səsləndirildi. Təhsil nazirliyinin və DİM-in də nümayəndələri, İctimai Şuranın nümayəndələri də iştirakı ilə bu mövzuda elmi-praktik müzakirə keçirilməsi təklif olunsun. İlk olaraq Lent.az “Kurikulum ləğv olunsunmu?”– CANLI YAYIM təşkil etdi. “Kurikulum qalsın və ya ləğv olunsun?” sualına aydınlıq gətirmək üçün “Yeni Müsavat” Təhsil Nazirliyi rəsmisini açıqlamasını yaydı. Təhsil İnstitutunun direktor müavini “Kurikulum ayrı-ayrı adamların şəxsi arzusu ilə yaranmayıb deməklə, bunun dövlətin təhsil siyasətindən irəli gəldiyini vurğuladı… Müzakirələr hələ tam başa çatmayıb, müzakirələr davam etməkdədir…Təkcə, AzEdu da kurikulumla bağlı dərc olunan açıqlamaya portalının feysbuk səhifəsində 3 gün ərzində 300-ə yaxın paylaşım edilməsi və yüzlərlə rəy yazılması, məsələnin ciddiliyindən və vacibliyindən xəbər verir. Bu o deməkdir və təqdirəlayiq haldır ki, təhsilimiz hər bir cəmiyət üzvünün diqqət mərkəzindədir. Bu kimi məsələlərə münasibətdə ictimaiyyət və media həmrəydirlər. İlkin nəticələr isə ondan ibarətdir ki, beynəlxalq təhsil sisteminə inteqrasiya qaçılmazdır. Bununla belə istənilən sistem nə qədər mütərəqqi olsa belə ona ehkam kimi baxmaq olmaz, o ayrılıqda götürülən hər bir ölkə üçün etalon sayıla bilməz. Bu kimi məsələlər ölkənin sosial-iqtisadi vəziyyətinə, xalqın milli maraqlarına, kadr potensialına uyğunlaşdırılmalı bu məqsədlə müəyyən korektələr aparılmalıdır. Bu baxımdan geniş ictimaiyyəti maraqlandıran və narahat edən istənilən məsələnin gündəmə gətirilməsi, ümumi ictimai rəyin öyrənilməsi və buna müvafiq təkliflərin hazırlanıb, əlaqədar qurumlara təqdim edilməsi heç vaxt gec deyil. İstənilən problem həlli yolu tapılanda aradan qalxır. Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Kurikulum problemi isə göründüyü kimi həll olunandır. Buna görə də söhbət onun ləğvindən deyil, daha da təkmilləşdirilməsi yollarının axtarılıb tapılmasından gedə bilər ki, bu istiqamətdə də müəyən işlər görülüb və görülməkdədir… Əsas odur ki, qaldırılan problemə reaksiya var. Problemin həllinə səylər birləşdirilibsə, narahatlığa əsas yoxdur. Son olaraq, kurikulumla bağlı müzakirələri geniş işıqlandırdıqlarına görə “Modern az.”, “Moderator az.”, “Azedu az.news”, ” Mektebgushesi az.”, “Lent az.”, “Musavat com.”, “Sputnik az.”, “AzTehsil com.” saytlarına, müzakirələrdə fəal iştirakına görə Rafik İsmayılova, Şəmil Sadiqə, Qoşqar Məhərrəmova, Şahin Rəcəbə, Fərman Abdullayevə, Məhəmməd Bayramlıya, Elşən Qafarova, Almaz Həsrətə, Nisə Cavanşirə, Elxan Cəfərova müzakirələrdə fəal iştirak etdiklərinə görə öz təşəkkürünü bildirib.