https://www.zirve.edu.az/
21.02.2020 12:02
Kurikulum bu  səviyyədə olmasının əsas günahkarı yaşlı müəllimlərdir?-İRAD
Çap et

 “Təəssüf ki, biz hansısa yenilik edəndə yalnız sistemin adında dəyişikliklə kifayətlənirik.  Kurikulum da belə yeniliklərdəndir. Bizim ümumtəhsil müəssisələrində kurikulumun yalnız adı var. Çünki sistemi tətbiq etmək üçün əvvəlcə müəllimlər başa düşməlidirlər. Hazırda müllimlərimizin əksəriyyətini yaşlı nəsli  təşkil etdiyi üçün onlar bu yeniliyi ya qəbul edə bilmirlər, ya da qəbul etmək istəmirlər.  Onlar sovet təhsil sistemini görüb onu mənimsəyiblər, bu gündə o sistemi tətbiqilə məşğuldurlar”.

Bunu AzEdu.az-a açıqlamasında  təhsil eksperti Adil Vəliyev deyib. O, kurikulumun lazımı səviyyədə tətbiq olunmamasının səbəbini yaşlı nəsildə görür:

“Əsas problemimiz yenilikləri qəbul etmək istəməməyimizdir ki, bunu da adətən, yaşlı nəsil bizə qarşı edir.

Valideynlərimizdən soruşsaq deyəcəklər ki, bizim vaxtımızda elə bilirdik müəllim yemir, içmir, yatmır və s. Bu maneəni 20 ilə aşa bildik. Müəllimin əslində əlçatan olduğunu, onun əslində məktəbdəki  dostumuz olduğunu göstərdik. Müəllimlə yemək də yedik, oyun da oynadıq. İndi bu dediklərimizə həsrət qalanlar deyir ki, kurikulum və boloniya sistemi ləğv olunmalıdır.  Məncə, ləğv olunmalı əsas məsələ müəyyən yaş limitindən sonra yaşlı nəslin (65+) işini davam etdirməməsidir. Bununla gənc nəslin önü açılar və dövlətimiz üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışarıq”.

O, həmçinin valideynlərin də yanaşmasında da bəzi səhvlər olduğunu vurğulayır:

“İkinci bir məsələ də valideynlərin yanaşmasıdır. Onlar övladlarının bilik səviyyəsini gündəlik yazılan qiymətlərlə, dərsə gündəlik hazırlaşmaqları ilə ölçürlər. Müəllimlər də məcbur olub valideynin istədiyini onlara verirlər. Halbuki kurikulum nəzəri dərslikdən çox praktiki bacarıqları tələb edir.  Çünki  şagird  öyrəndiyini, başqa sözlə desək, əzbərlədiyini praktikada tətbiq etməlidir ki,  material onun yaddaşında tam olaraq qalsın və  bu gün öyrəndiyi fənnin gələcəkdə ona nə kimi kömək olacağını bilsin.  Orta məktəblərdə qiymətləndirmə sistemində dəyişiklik praktika üstündə olmalıdır.  Yəni şagirdlərə öyəndiklərini praktikada tətbiq etmələri üçün şərait yaradılmalı və bacardıqlarına əsasən qiymət verilməlidir”.

A.Vəliyev sonda ali təhsil müəssisələrində tətbiq olunan Boloniya sisteminin faydalarını da diqqətə çatdırıb.

“Kurikulumla yanaşı, boloniya sistemi hazırda universitetlərdə çox az faizlə tətbiq olunur.  Lakin az faizlə tətbiq olunmasına baxmayaraq,  bu sistem tələbələrimizin, məzunlarımızın önünü açır ki, onlar mübadilə proqramlarından rahat istifadə edərək Avropa ölkələrində təhsillərini davam etdirə bilsinlər”.

Qeyd edək ki, son günlər kurikulum təhsil ictimaiyyəti, müəllimlər və valideynlər arasında sosial şəbəkələrdə müzakirə olunur.  Müzakirələrdən aydın olur ki, təhsil proqramına qarşı birmənalı fikir yoxdur. Bəziləri onun olduğu kimi saxlanılmasını, digərləri sadələşdirilməsini, başqaları isə ümumiyyətlə, ləğvini tələb edirlər.