https://www.zirve.edu.az/
17.02.2020 15:23
“Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir
Çap et

Bakı Avropa Liseyində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə həyata keçirilən “Tullantıdan İncəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi ilə əlaqədar növbəti tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova, “Nargis” Nəşriyyat Evinin direktoru Aytən Hüseynova, Təhsil Nazirliyinin əməkdaşları, məktəb rəhbərliyi və təşkilatçı qurumların nümayəndələri iştirak edib.

Qonaqları salamlayan Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işinin əhəmiyyətindən, onların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən danışaraq tullantıların idarə olunmasında məktəblilərin mühüm rol oynadığını bildirib.

Sonra çıxış edən “Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova layihənin vacibliyini vurğulayaraq bu kimi ekoloji və sosialyönümlü tədbirlərin vacib olduğunu vurğulayıb.

Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov “Qoy dünya yenidən gülsün” (Make the Earth smile again) mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə şagirdlər tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə baxış keçirilib, mütəxəssislər tərəfindən respublika müsabiqəsinə göndəriləcək ən yaxşı işin seçilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühitin qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.

2019-cu ilin noyabr ayından start verilən “Tullantıdan incəsənətə” müsabiqəsində Bakı şəhəri üzrə 14 ümumtəhsil məktəbi iştirak edir. Əsasnaməyə uyğun olaraq hər məktəb tədris ili boyunca tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayaraq ən yaxşı işi respublika mərhələsinə təqdim etməlidir.

Yekunda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq, qaliblər və layihə barədə ətraflı məlumat “Nargis” jurnalında işıqlandırılacaq. (Azərbaycan müəllimi)