https://www.zirve.edu.az/
21.05.2018 13:10
İmtahana hazırlaşanlar nə yesinlər? - Mütəxəssisdən məsləhətlər

Ölkədə imtahan mövsümüdür. Abituriyentlər neçə müddətdir hazırlaşıb, çalışdıqları dərslərin nəticəsini nümayiş etdirirlər. Hər kəs yüksək bal, nailiyyət, nəticə üçün var qüvvəsi ilə çalışır. Bunu əldə etmək isə o qədər asan olmur. Elə abituriyentlər olur ki, həyəcan və stressdən bütün öyrəndikləri yadından çıxır, eləsi də olur ki, yaxşı bildiyi bir şeyi yaza bilmir, nəticə gözlədiklərinin əksinə olur...

Mütəxəssislər isə bildirir ki, yüksək nailiyyətlərin açarlarından biri  düzgün qidalanmadadır. Balanslı qidalana bilməmək və vacib maddələri qəbul etməmək abituriyentlərdə ciddi problemlərə səbəb olur.

Dərsi tam mənimsəyə bilmirlər

Mövzu ilə bağlı Lent.az-a danışan tanınmış dietoloq Leyla Zülfüqarova bildirir ki, imtahandan öncə, hətta imtahan verilən gün və ondan sonrakı dövrdə abituriyentlər xüsusi qidalanmalıdır: "Psixoloji problemi olan stressli cəmiyyətdə yaşayırıq. Bu vəziyyətlə yanaşı, abituriyentlər imtahan həyəcanı da yaşayırlar. Buna görə profilaktika məqsədi ilə orqanizmi vacib maddələrlə təmin etmək, zənginləşdirmək lazımdır. Bu cür maddələrin defisiti zamanı həmin abituriyentlərdə yorğunluq olur, oxuduqları dərsi tam mənimsəyə bilmirlər, zehni aktivlik aşağı ola bilir”.

Şirin çay içmək zehni aktivliyi artırmır

L. Zülfüqarova deyir ki, illərlə şagirdlərin və abituriyentlərin qidalanmasında səhv bildiyimiz bir hal var: “Əvvəllər məktəbliləri, abituriyentləri şirin çayla qidalandırırdılar ki, məktəblinin zehni aktiv olsun. Bu, tamamilə yanlışdır. Çünki zehni aktivləşdirmək üçün bol antioksidantlar, bol maddələr lazımdır. Şirin çayın tərkibində sadəcə qlükoza var, qanımızda qan şəkərinin səviyyəsinə təsir edir. Çox zehni işlə məşğul olanlar, yorulanda vacib maddələrə ehtiyacı duyurlar. Deyirlər ki, yoruldum, yemək yeyim. Bu zaman da kalorili qidalara, şirniyyatlara üstünlük verirlər. Əksinə, bu zaman tərkibində dəmir olan qidalar yeyilməlidir ki, bu, meyvələrdə, xüsusən qırmızı almada, ət məhsullarında daha çoxdur".

Kitabın üzərində yuxulayıb qalırlar

Dietoloq məlumat verir ki, ikinci növbədə vitamin D ehtiyacı ödənilməlidir ki, bunun əskikliyi səbəbindən abituriyentlərdə yorğunluq ola bilər. Bu cür abituriyentlər dərs oxumaq istədiyi yerdə kitabın üzərində yuxulayıb qalırlar. Belə bir kateqoriya da var ki, daha çox çalışmaq məcburiyyətindədirlər, amma daha az mənimsəyirlər. Bunun da ən yaxşı çarəsi vitamin D-dir: "Apardığım araşdırmalara əsasən deyə bilərəm ki, analiz versək, ölkə üzrə hər 10 nəfərdən 9-da vitamin D defisiti var. Bunun isə nə qədər günəşli ölkə olmağımızla heç bir əlaqəsi yoxdur. Çünki günəşin bizə ötürdüyü vitamin D-ni biz həmin saat mənimsəyə bilmirik. Bu da stresslə bağlıdır. Stress assimilyasiya verərək vitamin D-ni orqanizmdən qovur”.

Bir dəfə imtahana girdikdən sonra bir illik nevroz qazanmasın

“Eyni zamanda sinir sistemini qidalandırmaq üçün müxtəlif növ antioksidantlar, vitamin E, digər molekul antioksidantlar var. Bu maddələrdən istifadə olunmalıdır. Antioksidantlarla orqanizmi gücləndirmək lazımdır ki, bir dəfə imtahana girib çıxdıqdan sonra onu bir illik müşahidə edəcək nevrozu qazanmasın. Londonda ən çox istifadə olunan bir molekul var. Bu molekul antidepresan qrupuna aiddir. Orqanizmə daxil olanda serotonin ifrazatını artırır. Çox yüngül dozadadır və Londonda bir ilə iki milyondan çox istifadə olunur. Bu cür molekullardan istifadə etmək olar. Həmçinin çərəzlərdə antioksidantlar var ki, şagirdlər, tələbələr mütləq imtahan günü bir ovuc badam, digər gün bir ovuc fındıq, o biri gün isə bir ovuc qoz yeməlidir. Bu zaman vacib doymamış yağ turşuları alır ki, bu da birbaşa olaraq beyni və onun sinir hüceyrələrini qidalandırır. Yəni, “Omega 3”, “Omega 6” və “Omega 9” yağ turşuları ilə beyini qidalandırır. 2 saatdan bir bu cür vasitələrlə qidalanan şəxslər çox gözəl əqli və intellektual aktivliyə malik olur. Onlar tapşırıqları vaxtında mənimsəyir və imtahanda yüksək səviyyə göstərirlər. Yəni İQ defisiti olmaması üçün biz həmişə bu maddələrlə orqanizmi təmin etməyə çalışmalıyıq".

Ya həddindən çox yeyir, ya da yeməkdən tamamilə imtina edir

L. Zülfüqarovanın sözlərinə görə, əgər uşaq qısa müddət içərisində hər şeyə qıcıqlanırsa, yeməklə bağlı problemi varsa, bunun altında düzgün qidalanmama yatır: “Deyək ki, ya həddindən çox yeyir, ya da yeməkdən tamamilə imtina edir, özünə qapanır, insanlarla təmasda olmaq istəmir, yaxud da daha yaxşı həyat tərzi olan yoldaşlarının həyatını qısqanır və depressiyaya düşür. Bütün bu halları yaşayan yeniyetmələrdə ya saydığım maddələrin defisiti var, ya da düzgün şəkildə qidalanmır, bundan əlavə biz bu halları nevrozun əlamətləri olaraq görürük. Buna görə də bu cür uşaq yüklənmiş və məcburi şəkildə imtahana yollanırsa, onun qiymətlərinin yaxşı olması ehtimalı da azdır. Çünki beyin yorğun olur və nevrozdan əziyyət çəkir, digər tərəfdən də qoyulan hədəfi yerinə yetirməlidir. İmtahana gedən uşaqlar üçün həmişə tövsiyə edirəm ki, gündə 2-3 stəkan melisa çayı içsinlər”.

İmtahan günü menyusu

Dietoloq imtahan günü abituriyentlərin məhz necə qidalanmaları ilə bağlı menyunu da diqqətə çatdırıb: “ İmtahan günü mütləq bal, kərə yağı və taxıllı çörəklə səhər yeməyi yeyilməlidir. Onun yanında təzə dəmlənmiş qara çay, yaxud melisa çayı içsinlər. Artıq imtahan ərəfəsində yanlarında badam, qoz, ərik qurusu mütləq götürsünlər. Nahara isə ət, balıq yesinlər. Axşam fasilələrində isə salat və qatıq yeyəcəklər. Bir də mütləq süd içilməlidir. Meyvə yeyib üzərindən süd içmək çox əhəmiyyətlidir. Bu bizə vitamin D ötürür. Bir də şəkərə olan ehtiyacımızı ödəyir. Deməli, bu minvalla gün ərzində biz vacib maddələri, protein, karbohidrat ehtiyacını və hətta çörəyə olan ehtiyacı belə ödəyirik. O cümlədən insan orqanizminə görə, hər kiloqrama 30 milli su içilməsi mütləqdir. Abituriyentlər də imtahana gedəndə mütləq əllərinin altında su olmalıdır”.