https://www.zirve.edu.az/
20.05.2018 09:47
“İmtahana hazırlaşan müəllimlərin ortalama nəticəsi abituriyent göstəricilərindən zəifdir” – EKSPERT
Çap et

“Təəssüflə qeyd etmək istəyirəm ki, istər çalışan müəllimlərin, istərsə də ali məktəbləri bitirib müəllim olmaq üçün imtahan verəcək şəxslərin bilik və bacarıqları çox aşağı səviyyədədir. Hətta onların ortalama nəticəsi abituriyentlərdən də zəifdir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Kamran Əsədov deyib:

“İmtahanda iştirak edən şəxslər 48 və daha çox bal toplayanda Bakı şəhəri üzrə, 36 və daha çox bal topladıqda isə regionlarda yerləşən orta məktəblərdə vakansiya seçiminə buraxılır. Mən uzun müddətdir ki, tarix fənnindən abituriyentlərin ali məktəblərə qəbulu ilə məşğul oluram. Son 4 ildir ki, hazırlaşmaq istəyən yeni bir kütlə də formalaşıb. Bu ya orta məktəblərdə çalışan və Təhsil Nazirliyinin keçirdiyi Diaqnostik Qiymətləndirmədə az bal toplayan müəllimlər, ya da bu sistemdə işə qəbul olunmaq  istəyən ali təhsilli şəxlərdir.

Təəssüflə qeyd etmək istəyirəm ki, istər çalışan müəllimlərin, istərsə də ali məktəbləri bitirib müəllim olmaq üçün imtahan verəcək şəxslərin bilik və bacarıqları çox aşağı səviyyədədir. Hətta onların ortalama nəticəsi abituriyentlərdən də zəifdir. Hazırda qısa müddətdə onların yenidən əvvəlki illərdə əldə etdiyi biliklərin təkrarlanmasına yönəlmiş hazırlıq keçirəm. Verilmiş mövzu sual – cavab edildikdən sonra həmin mövzu üzrə test tapşırıqları yerinə yetirilir, səhvlər izah olunur. Təkcə müdavimlərin ixtisas üzrə bilikləri aşağı səviyyədə deyil, eyni ilə onların məntiqi düşünmə qabiliyyəti, kurikulum bilikləri də aşağı səviyyədədir. Bunun səbəbi odur ki, ali məktəblərdə əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığı aparılmayıb, lazım olan bilik və bacarıqlar tədris olunmayıb. Gələcəkdə müəllim olmaq istəyən müdavimlərin ən çox çətinliyi kurikulum fənnindəndir. Bunun da əsas səbəbi kurikulumun ancaq nəzəri olması, əzbərləmək metodikası ilə keçirilməsidir”.

Ekspert qeyd edir ki, müəllimlər tarix fənnində ən çox xanlıqlar dövrünü mənimsəməkdə çətinlik çəkirlər:   “Təəssüf ki, mənimlə bərabər hazırlaşan müdavimlərin ən çox əziyyət çəkdikləri Azərbaycan Tarixindən xanlıqlar dövrü, XIX əsrdə həyata keçirilən islahatlar və XIX - XX əsrin xronologiyasıdır. Ümumi Tarixdən isə XX əsr Avropa və Amerika tarixi ilə bağlı çətinlik çəkirlər. Bu da hadisələrin çoxluğu, eyni ildə bir neçə hadisənin ardıcıl baş verməsi ilə əlaqədardır. Bu kimi informasiyaları müdavimlər çətin yadda saxlayır və ya qarışdırırlar” 

Qeyd edək ki, 2009-cu ildən etibarən əvvəlcə Bakı şəhəri üzrə, 2011- ci ildən isə bütün ölkə ərazisində orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş test imtahanı ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu imtahanında iştirakçılara 60 test tapşırığı təqdim olunur. Onlardan 40 test tapşırığı iştirakçının ixtisası, 10 test tapşırığı məntiqi biliklərini yoxlamaq üçün, 10 test tapşırığı isə kurikulum və təhsil metodikası üzrə təqdim olunur. Hazırda Müəllimlərin İşə Qəbulu və Diaqnostik Qiymətləndirmədən keçəcək əksər müəllimlər imtahanı uğurlu başa vurmaq üçün hazırlığa gedirlər.