Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-05 16:10:00
Şərqşünaslıq İnstitutunun əməkdaşları Misirdə təlimdə olublar

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun iki əməkdaşı - Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova və Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova Misir İnkişaf Tərəfdaşlığı Agentliyinin və Qahirə Universitetinin Ərəb Dili İnkişafı və Tədrisi Mərkəzinin “Qeyri-ərəbdilli universitet müəllimləri üçün ərəb dilinin öyrədilməsi” sahəsində təşkil etdiyi təlim kursunda iştirak ediblər.

AzEdu.az xəbər verir ki, təlim kursu Qahirə Universitetinin rektoru Məhəmməd Osman əl-Xuşt, Misir İnkişaf Tərəfdaşlığı Agentliyinin baş katibi Mahmud əl-Məğribi, Qahirə Universitetinin prorektoru Məhəmməd Sami Abdus Sadiq, Pedaqoji fakültənin dekanı İman Haridi və Qahirə Universitetinin Ərəb Dili İnkişafı və Tədrisi Mərkəzinin müdiri Xələf Abdul Mutinin rəhbərliyi altında fəaliyyət göstərib.

Bir ay davam edən təlim kursunda Azərbaycanla yanaşı, dünyanın on ölkəsindən nümayəndələr iştirak ediblər. 180 saatı əhatə edən kursda ərəb dilinin tədrisi sahəsində mövcud olan yeni metodikalar və onların tətbiqi ilə bağlı mühazirələr dinlənilib. Ərəb dili və ədəbiyyatı, tarixi və mədəniyyəti, infoqrafika ilə bağlı mühazirələr xüsusi maraq doğurub. Müasir təlim texnologiyalarının verdiyi imkanlar daxilində ərəb dili tədrisinin bu gün üçün zəruri olan aktual problemlərinin ortadan götürülməsi üçün müxtəlif ölkələrdən olan nümayəndələr öz təcrübələrini paylaşıblar.

Qahirə Universitetinin prorektoru Məhəmməd Sami Abdus Sadiq iştirakçılarla görüşüb. Kurs başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim edilib.

İstirahət günlərində Qahirənin tarixi yerlərinə ekskursiyalar təşkil edilib, habelə Şarm əş-Şeyx və İsgəndəriyyə şəhərlərinə də səfərlər təşkil olunub. Bu şəhərlərin görməli yerləri, tarixi abidələri, muzeyləri, o cümlədən məşhur İsgəndəriyyə kitabxanası da ziyarət edilib.

Şərqşünaslıq İnstitutunun elmi fəaliyyətini əks etdirən buklet Misir universitetlərinin rəhbərlərinə təqdim olunub. Həmçinin bu universitetlərə davamlı elmi əməkdaşlıq təklif olunub.