https://www.zirve.edu.az/
28.01.2020 15:02
İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər

2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını müşahidə etmək məqsədilə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Bakı Mühəndislik Universitetində (BMU) olublar.

AzEdu.az xəbər verir ki, BMU-nun rektoru, professor Havar Məmmədov növbəti imtahan sessiyasının müvafiq təlimat və əsasnamələrə uyğun keçirildiyini, bunun üçün auditoriyalarda hər cür şərait yaradıldığını bildirib. O, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının gedişinə nəzarət, müraciətlərin qəbulu, eləcə də araşdırılması məqsədilə Qərargah və Apellyasiya Komissiyasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İctimai nəzarətin əhəmiyyətinə toxunan rektor, bunun universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin inkişafı, aşkarlığın qorunub saxlanılması, təhsil alanların hüquqlarının müdafiəsi üçün vacib rol oynadığını vurğulayıb.

İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, sədr müavini, təhsil eksperti  Nadir İsrafilov, məsul katib, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov, üzvlər - fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, Respublika Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə universitetin aidiyyəti struktur bölmələrinin rəhbərləri ilə birlikdə imtahan keçirilən auditoriyalarda olub, imtahanların gedişini yaxından izləyiblər. Onlar imtahanların keçirilməsi ilə bağlı tələbələrin fikirlərini dinləyiblər, imtahan sualları ilə tanış olublar.

İctimai Şuranın üzvləri imtahan prosesinin gedişini yüksək qiymətləndirərək, hər imtahan sessiyasında olduğu kimi bu dəfə də BMU-da imtahanların şəffaf şəraitdə keçirildiyini bildiriblər. Eyni zamanda, baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.

Sonra qonaqlar BMU-nun maddi-texniki bazası, həmçinin Biologiya laboratoriyası ilə tanış olublar. Nəzərə çatdırılıb ki, BMU-nun laboratoriyaları və ayrı-ayrı auditoriyalarının ən müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində görülən işlərin davamı olaraq cari ildə yeni ağıllı lövhələr, monobloklar, kompüterlər, noutbuklar, proyektorlar, çox funksiyalı çap maşınları və s. avadanlıqlar alınıb. Şura üzvləri BMU-nun müasir maddi-texniki bazaya malik olduğunu müsbət dəyərləndiriblər və bunun təhsilin keyfiyyətində mühüm rol oynadığını vurğulayıblar.