https://www.zirve.edu.az/
28.01.2020 14:14
İdeyaları ilə hər kəsi təəccübləndirən “Sabahın alimləri”- “Layihəm riyaziyyatda yenilik olacaq
Çap et

Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2012-ci ildən etibarən  riyaziyyat, fizika, kimya, biologiya, tibb, sağlamlıq, ekologiya, mühəndislik və kompüter elmləri istiqamətində “Sabahın alimləri” müsabiqəsi   təşkil olunur.

Müsabiqədə indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müxtəlif mükafatlara layiq görülüb.

AzEdu.az əməkdaşı “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə ünsiyyətdə olub, onların layihələri haqqında fikirlərini öyrənib:

Zamin Hüseynov “Sillogizm” layihəsi ilə 2019-cu ildə keçirilən “Sabahın alimləri” müsabiqəsinin qalibi olub. O, ABŞ-da təşkil olunacaq İSEF yarışmasında Azərbaycanı təmsil edəcək.

Zamin hazırda ADA Universitetinin İqtisadiyyat fakültəsinin 1-ci kursunda təhsil alır.

Sabahın alimi  onu müsabiqədə qalib edən layihə haqqında fikirlərini bölüşüb:

“Sinif yoldaşım Rüstəm Həbibullayevlə bərabər 2019-cu ildə “Sabahın alimləri” müsabiqəsinə qatıldıq. Hər ikimiz riyaziyyat fənninə böyük maraq göstərirdik. Bu səbəbdən  mövzunu riyaziyyat istiqamətində hazırladıq. Layihənin adi “Sillogizm” idi. Burada əsas məqsəd riyazi tənliklərin yeni həllolma metodlarını yaratmaq idi. Layihə üzərində 1 ilə yaxin işlədik. Müxtəlif müəllimlərdən məsləhətlər aldıq. Nəticədə riyaziyyat fənni üzrə  qalib seçildik və  Amerikada keçiriləcək Intel ISEF yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazandıq”.

Zamin “Sillogizm” layihəsinin tətbiq istiqamətləri haqqında da  məlumat verir:

“Layihədə yeni  kompüter proqramı ideyasını təklif etmişik: sillogizmdən istifadə edərək (bir neçə fakta əsasən ortaq nəticəyə gəlmək) riyazi tənlikləri daha tez ve rahat formada həll edəcəyik”.

Zamin Hüseynovun layihə ilə bağlı gələcək planları da var:

“Gələcəkdə bu layihədə təklif etdiyimiz kompüter proqramını hazırlayıb bütün dünyaya tanıtmaq istəyirik. Fikrimcə, bu layihə təhsil sistemində, xüsusi ilə riyaziyyat fənnində bəzi dəyişiklər yaradacaq.

Proqramlaşdırmanın daha bir üstünlüyü ondadır ki, insan əli ilə aylarla  isbat edilməyə çalışılan teoremleri bizim təklif etdiyimiz proqramla bir neçe dəqiqəyə isbat edəcəyik”.

Layihə qalibi müsabiqə çərçivəsində yaşanan maraqlı hadisələrdən də danışıb:

““Sabahın Alimləri” müsabiqəsi zamanı  yüzlərlə şagird öz araşdırmalarını, icadlarını digərləri ilə bölüşür və fərqli komandaların ideyalarını mənimsəyirdilər”.

Zamin Hüseynov gələcək “Sabahın alimləri”nə bir sıra məsləhətlər verib:

“Gelecek “Sabahın alimləri”nə məsləhət görürəm ki, layihələri üzərində çox çalışsınlar və arzularının arxasınca getsinlər”.

Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ruslan Bayramov “Sabahın alimləri” müsabiqəsində “Blockchain” texnologiyasının birləşməsi” layihəsi ilə təmsil olunub:

O, layihə haqqında təəssüratlarını bölüşüb:

“Layihə üzərində 2017-ci ilin dekabrından işləməyə başladım. Məqsəd iqtisadi münasibətlərdə alıcını və istehsalçını “Blockchain” texnologiyası ilə birləşdirmək idi. Bu layihə ilə Azərbaycanda “Goldenbyte”  yarışmasında 1-ci yerə layiq görüldüm və ölkəmizi Kiyevdə təmsil etdim. Bundan başqa Rumıniyada keçirilən “Infomatrix World Final” yarışında proqramlaşdırma nominasiyası üzrə eyni proyektlə üçüncü yeri qazandım. Proyekti inkişaf etdirdim və 2019-cu ildə keçirilən “Sabahın alimləri” yarışmasında, kompüter elmləri nominasiyasında birinci yerə layiq görüldüm, və ölkəmizi Inter ISEF yarışmasında təmsil etmə hüququ qazandım”.

Ruslan Rumıniyada layihəni təmsil edib və orada baş verən hadisələr haqqında fikirlərini bölüşür.

“Rumınyada keçirilən yarışda 47 ölkə iştirak edirdi. Maraqlı hadisələrdən biri isə Türklərin bizi öz məktəblərinə dəvət etməsi və şam yeməyinə qonaq çağırmaları oldu. Onlar Azərbaycanın mədəniyyətini və incəsənətini çox yaxşı tanıyırdılar”.

Ruslan yeni texnologiya haqqında məlumat verib.

“Blockchain texnologiyası bankın müdaxiləsi olmadan hesab əməliyyatlarını həyata keçirməyə imkan verir. Bu isə sürətli ödəmələr prosesinin tətbiq olunmasına yol açır. Hazırda bu layihədə istifadə etdiyim texnologiyaları və tədbiqləri digər işlərimlə də əlaqələndirirəm”.

Ruslan layihənin üstünlüyündən də danışıb:

“İki tərəfin arasında vasitəçi olmadığına görə, onlar daha çox qazana və inkişaf edə bilərlər. Bu isə iqtisadi inkişafa, iş yerlərinin yaradılmasına və mağazalarda insanlar üçün qiymətlərin ucuzlaşmasına gətirə biləcək”.

Müsahibimiz gələcək hədəfləri haqqında bunları deyib:

“Alim olmaq istəyərdim ki, Azərbaycanı beynəlxalq arenada nüfuzunu yüksəldim. Hazırda 11-ci sinifdə oxuyuram, SAT və İELTS imtahanlarını vermişəm və istəyirəm ki,  xaricdə təhsilimi davam etdirim”.

Ruslan bir çox qlobal yarışlarda iştirak edib.

“Oktyabrda Dubay şəhərində  First Global 2019 yarışmasında iştirak etdim. First Global dünyada keçirilən ən böyük robotiks müsabiqələrindən biridir. Orada 191 ölkədən komandalar iştirak edir. Mən Azərbaycanın milli yığmasının kapitanı idim və ölkəmiz həmin yarışda  29-cu yeri qazandı”.

Qeyd edək ki, 2019-cu ildə “Sabahın alimləri” müsabiqəsində 84 şagirdin hazırladığı 54 layihə qalib seçilib. Qaliblərdən 44 nəfəri oğlan, 40-ı qızdır. I yer üzrə 8, II yer üzrə 17, III yer üzrə 25 layihə qalib elan olunub. Qalib layihələr Bakı (58 şagird, 38 layihə), Sumqayıt (15 şagird, 9 layihə) şəhərlərini, Abşeron (2 şagird, 1 layihə), Balakən (3 şagird, 2 layihə), Qax (2 şagird, 1 layihə), Şəki (2 şagird, 1 layihə), Ucar (2 şagird, 2 layihə) rayonlarını əhatə edib.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşdırılır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları