Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və SənayeUniversiteti (ADNSU) və Özbəkistan Respublikasının Urgənc şəhərində yerləşən Əbu Reyhan Biruni adına Urgənc Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl kimya texnologiyaları: elmin, innovasiyaların vəsənayenin transformasiya imkanları” adlı III Beynəlxalq Elmi Konfrans keçiriləcək.
AzEdu.az xəbər verir ki, konfrans müasir kimyəvi texnologiyaların, yaşıl innovasiyaların, qabaqcıl funksional materialların, ekoloji cəhətdən dayanıqlı texnologiyaların, neft-qaz sənayesinin, biotexnologiyanın, eləcə də süni intellekt əsasında hazırlanmış elmi-texnoloji həllərin ən aktual istiqamətlərinin müzakirəsinə həsr olunacaq.
Tədbir elm, təhsil və sənaye arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq elmi əlaqələrin inkişafı və innovativ tədqiqat nəticələrinin paylaşılması üçün əlverişli platforma yaradacaq.
Konfransın proqramı kimya sənayesində yaşıl innovativ texnologiyalar, optik və fotonik tətbiqlər üçün kimyəvi texnologiyalar və qabaqcıl funksional materiallar, neft-qaz sənayesində innovativ yanaşmalar, ekoloji texnologiyalar və təbii ehtiyatlardan səmərəli istifadə, kimyəvi və neft-qaz materiallarının hazırlanmasında süni intellekt və hesablama metodlarının tətbiqi, eləcə də innovativ biotexnologiyalar və ərzaq təhlükəsizliyi sahəsində müasir həllər kimi aktual mövzuları əhatə edir.
Konfransa təqdim olunan və elmi ekspertiza (rəy) mərhələsindən uğurla keçərək müəyyən edilmiş tələblərə cavab verən seçilmiş elmi məqalələrin "Scopus" bazasında indeksləşən beynəlxalq elmi jurnallarda nəşri nəzərdə tutulur.
Qeyd edək ki, məqalələr Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi-Tədqiqatların Əlaqələndirilməsi və Monitorinqi şöbəsinə [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.