https://www.zirve.edu.az/
28.01.2020 11:01
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə yeni test tapşırıqlarının istifadə olunacağı sınaq imtahanları keçiriləcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə yanvarın 29-da, fevralın 7-də və 14-də keçiriləcək.

İmtahanlar saat 10:00-da başlanacaq.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq yanvarın 29-u, fevralın 7-si və 14-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə edilir.