Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 17:07:00
Qubad İbadoğlu olimpiada qalibindən yazdı: “Oxusanız, fəxr edəcəksiniz”

 

Bu günlərdə Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) Azərbaycan məktəbliləri informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Beynəlxalq olimpiada tarixində İnformatika üzrə ilk qızıl medalın qazanılması isə media və sosial şəbəkələrdə müzakirələrə yol açıb.

İctimai–siyasi xadim, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Ratqers Universitetinin professoru, tanınmış iqtisadi ekspert Qubad İbadoğlu da şəxsi feysbuk hesabında məsələyə biganə qalmayıb. O, mükafat qazananların hər birini təbrik edib, eyni zamanda izləyicilərini beynəlxalq olimpiadanın İnformatika fənni üzrə qızıl medal mükafatçısı Abutalıb Şahvələd oğlu Namazovla yaxından tanış etmək istədiyini yazıb:

“Onun atasını çoxlarınız tanıyırsınız. Abutalıb məşhur jurnalist Şahvələd Çobanoğlunun övladıdır. Şübhəsiz ki, Abutalıbın müvəffəqiyyətləri ilə tanış olduqca, onunla fəxr edib, qürur hissi keçirəcək və onu öz nailiyyətlərinə görə sevəcəksiniz.

Hazırda bir vaxtlar mənim də məzun olduğum Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinfində oxuyan Abutalıb TOEFL-dan 95, İELTS-dən 7.5, SAT-dən isə 1440 bal toplayıb. SAT testinin riyaziyyat bölməsinin 800 ballıq maksimumunu qazanan Abutalıbın 17 yaşı vardır.

O ilk nailiyyətinə 13 yaşında imza atıb, 2016-cı ildə respublika üzrə İnformatika olimpiadasında bürünc medal qazanıb. 2017-ci respublika üzrə həm Riyaziyyat və həm də İnformatika olimpiadasının qalibi olub, Riyaziyyat olimpiadasından bürünc, İnformatika olimpiadasından isə qızıl medal qazanıb. Elə həmin il ilk dəfə beynəlxalq səviyyədə yarışa qatılıb və ordan da yüksək mükafatla qayıdıb. Abutalıb 2017-ci ildə Rusiya Ali İqtisad Məktəbinin (Higher School of Economics) Milli Tədqiqatlar Universitetinin təşkil etidyi gənc riyaziyyatçılar olimpiadasında 1-ci dərəcəli diplomla təltif olunub. 2018-ci ildə yenidən riyaziyyat və informatika üzrə respublika olimpiadasına qatılan Abutalıb yenə də hər iki yarışın qalıbi olub. O bu dəfə riyaziyyat olimpiadasının gümüş, informatika olimpiadasının təkrarən qızıl medalını qazanıb. 2018-ci ildə həmçinin Avropa Gənclərinin İnformatika Olimpiadasında (European Junior Olympiad in Informatics (EJOI)) bürünc, Balkan Gənclərinin riyaziyyat olimpiadasında (Junior Balkan Mathematical Olympiad-JBMO) gümüş medallarla mükafatlandırılan Abutalıb həmin il bunlardan əlavə Bütün Rusiya komandalarının proqramlarının müsabiqəsində (All-Russian Team Programming Competition for Schoolchildren (ВКОШП in Russian) 3-cü dərəcəli sertifikata layiq görülüb.

Ötən il yenidən İnformatika üzrə respublika olimpiadasının qızıl mükafatçısı olan Abutalıb bu günlərədə Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasından (IZhO) da vətənə qızıl medalla qayıdıb.

Həm ölkə, həm də beynəlxalq olimpiadalarda dəfələrlə ali mükafatlar qazanan Abutalın Namazov fövqəlada fitri istedadı, xüsusi qabiliyyəti ilə seçilən azsaylı azərbaycan gənclərindəndir. 2020-ci il onun üçün məsuliyyətli ildir, çünki bu il Abutalıb təhsilini universitetdə davam etdirmək üçün seçim etməlidir. İnanıram ki, onun səsini tezliklə dünyanın nüfuzlu universitetlərindən eşidəcəyik. Şübhəsiz ki, Abutalıb bundan sonrakı nailiyyətləri hələ çox zirvələri fəth edəcək”.

Qeyd edək ki, 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıb.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları