https://www.zirve.edu.az/
16.01.2020 11:17
“Bütün uğurları liseylərin adına yazmaq doğru deyil” - Ekspert

Hər  il ali məktəblərə qəbul olunan abituriyentlər arasında yüksək nəticə göstərənlər olanda hansı məktəbi, yaxud a liseyi bitirməsi diqqət çəkir. Açıq etiraf edək ki, liseylərdə təhsil alan abituriyentlər arasında yüksək nəticə göstərənlər daha çox olur. Belə olan halda valideynlər övladlarının liseydə oxumasına can atır.

Maraqlıdır, liseylər orta məktəblərdə oxuyan bütün şagirdləri qəbul etməyə hazırdımı?!

Əsas məsələ də budur.

Azərbaycanda Bakı Atatürk Liseyi, Bakı Avropa Liseyi, İdrak Liseyi və digər özəl liseylər mövcuddur. Adıçəkilən özəl liseylər orta məktəblərin güclü şagirdlərinə sahiblənib yüksək bal toplayan, güclü intellektə malik abituryentlər yetişdirməklə özlərini reklam edirlər. Reallıqlar isə tamam fərqlidir.

Bu liseylər zəif şagirdləri qəbul edib yüksək bal toplamalarına yüz faiz zəmanət verə bilərlərmi?! Əlbəttə, yox!

Çünki özəl liseylərin siyasəti fərqlidir. Yüksək təhsil haqqı ilə yüksək savadlı şagirdləri qəbul etmək. Bu da fərqli mənzərə ortaya qoyur.

 “Burada haqsız rəqabət də var”

 Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, təhsil eksperti İlqar Orucov  mövzu barədə danışıb. Onun sözlərinə görə, özəl liseylər istedadlı şagirdləri cəlb etməyə üstünlük verir:

 “Söhbət özəl liseylərdən gedir. Bunlar çox yüksək keçid balı ilə istedadlı şagirdlərimizi cəlb edirlər. Həmin liseylərdə ödəniş haqqı da xeyli yüksəkdir. Yekun nəticə olaraq yüksək bal toplayan abituriyentlər də həmin liseylərin məzunları olur. Əslində burada haqsız rəqabət də var. O baxımdan ki, liseylər bu işləri çox yüksək təhsil haqqı müqabilində həyata keçirirlər.  Halbuki həmin şagirdlər dövlət liseylərində oxusalar belə yenə də yüksək nəticə göstərəcəklər”.

 “Məsələnin kökü başqadır”

 İlqar Orucov bildirib ki, özəl liseylər daha çox testin nəticələrinə işləyirlər:

 “Onların da göstəriciləri məhz bu səbəbdən yüksək olur. Digər tərəfdən isə onlar çox savadlı şagirdləri liseylərə götürürlər. Bu iki nüansa görə, bizim özəl liseylərdə reytinqlər yüksəkdir. Məsələnin kökündə isə seçim edərkən həddindən artıq istedadlı şagirdlərin hesabına bunlara nail olmaqdır”.

 “Orta məktəblərə inam azalır”

Təhsil eksperti onu da qeyd edib ki, belə hallarda orta məktəblərin reytinqi aşağı salınır:

“Bu zaman belə söhbətlər yayılır ki, orta məktəblərdə təhsilin səviyyəsi çox aşağıdır. Nəzərə alsaq ki, liseylər orta məktəblərin ən güclü şagirdlərini hazırlayır, deməli, heç də bütün uğurları  liseylərin adına yazmaq doğru deyil. Çünki liseylər yüksək nəticəni həmin orta məktəblərdən gəlib təhsilini liseydə davam etdirən şagirdlərin hesabına qazanır. Bu elə məsələdir ki, buna qarşı mübarizə aparmaq üsulu yoxdur. Bu məsələdə cəmiyyət özü yanaşma ortaya qoymalıdır. Düzdü, bu sahədə ciddi qüsurlar var. Çünki liseylərin bu cür siyasət yeritməsi orta məktəblərə inamın azalmasına, kölgədə qalmasına  gətirib çıxarır. Əslində, məsələ tamam fərqlidir”. (Modern.az)