https://www.zirve.edu.az/
11.01.2020 14:58
Mingəçevir Dövlət Universiteti müasirləşmə yolundadır

2019-cu il Azərbaycanda cəmiyyət həyatının bütün sahələri kimi, ali təhsilimiz üçün də məzmunun təkmilləşməsi və formanın müasirləşməsi istiqamətində praqmatik addımların atılması və əhəmiyyətli uğurların əldə olunması ilə əlamətdar olmuşdur. Bu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti mərhələdə uğurla davam etdirilən uzaqgörən və düşünülmüş dövlət siyasətinin məzmununda ali təhsilin prioritet yer tutması nəticəsində mümkün olmuşdur.

Fikrimizcə, 2019-cu il ali təhsilimiz üçün hər şeydən öncə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi və təntənəli yubiley mərasimində ölkə rəhbərinin proqram xarakterli çıxışı ilə yadda qalmışdır. Tarixi çıxışı zamanı dövlət başçısı qlobal çağırışlar və Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla təhsil işçiləri qarşısında konkret vəzifələr qoymuşdur.

Eyni zamanda 2019-cu ilin mühüm hadisələri sırasında bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatının təsdiq edilməsini, orta ixtisas təhsili pilləsini bitirən subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulunun həyata keçirilməsini, ali təhsil müəssisələrində dövlət sifarişi hesabına oxuyan tələbələrin sayının 2018-ci illə müqayisədə 66 faiz, təqaüd yerlərinin 16 min vahid artırılmasını, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasına start verilməsini qeyd etmək olar.

Universitetin dəyişən mənzərəsi

 Ali təhsil sistemində keyfiyyətcə yeni rəqabət mübarizəsi şərtlərinin bərqərar olması, universitetlərin missiyasının və inkişaf məqsədlərinin əhəmiyyətli dərəcədə dəyişməsi ali təhsil müəssisələri tərəfindən adekvat addımların atılmasını zəruri etmişdir. Bu kontekstdə Mingəçevir Dövlət Universitetində (MDU) son dövrlərdə həyata keçirilən kompleks tədbirlər həm milli və beynəlxalq ali təhsil məkanında baş verən trendlərə, həm də universitetin mövcud və potensial imkanlarına əsaslanmışdır.

Pedaqoji, mühəndislik, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə yüksək ixtisaslı kadr hazırlığı aparılan universitetdə 2019/2020-ci tədris ili üzrə tələbə qəbulu planının dolmasında rekord göstərici qeydə alınmışdır. Hazırda MDU-da bakalavriat səviyyəsində 24 ixtisas, magistratura səviyyəsində 12 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. 2400-dən çox tələbə və magistrantın təhsil aldığı universitetdə 200-ə yaxın professor-müəllim fəaliyyət göstərir.

Əsas hədəflərimiz ölkə rəhbəri tərəfindən qarşıya qoyulan tapşırıq və vəzifələri layiqincə yerinə yetirməklə regionda yerləşən ali təhsil müəssisəsini paytaxt universitetləri səviyyəsinə çatdırmaqdan, eləcə də MDU-nun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına töhfələr verməsini təmin etməkdən ibarətdir. Bu hədəflərə çatmaq üçün müasir və çevik universitet idarəetmə texnologiyalarından istifadə etməyə çalışırıq.

Yerləşdiyimiz regionun xüsusiyyətləri, real infrastruktur imkanları və mövcud kadr potensialı nəzərə alınmaqla, MDU-nun hərtərəfli inkişaf etdirilməsi üçün tədrisin keyfiyyətinin yüksəldilməsinə, elmi fəaliyyətin səmərəliliyinin artırılmasına, əməkdaşların maddi rifahının yaxşılaşdırılmasına, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinə diqqət yetiririk. Bu məqsədlə kollektivin hər bir üzvünün potensialından istifadəyə, innovativ tədris və təlim metodlarının tətbiqinə, universitet idarəçiliyində tələbələrin fəal iştirakına və ictimai nəzarətin təmin olunmasına çalışırıq.

 Universitet dəyərlərinə yeni baxış

 Dördüncü sənaye inqilabı, süni intellekt və blokçeyn texnologiyaları dövründə universitetin kadr hazırlığı və elmi tədqiqat fəaliyyəti ilə məhdudlaşmaması, yerləşdiyi regionda ümumi ekosistemin mühüm aktorlarından birinə çevrilməsi, eləcə də innovasiya istehsalçısı missiyasını öz üzərinə götürməsi zərurətini qəbul edirik.

Milli ali təhsilimizin və universitetlərin insan kapitalının formalaşmasındakı artan rolunu qəbul etdiyimiz, daim yeni təşəbbüslərə yüksək dəyər verdiyimiz və konkret hədəflər uğrunda çalışdığımız universitetdə tələbələrə xidmət etməkdən qürur duyuruq. MDU-nu seçən bütün gənclərə uğurlu və mənalı tələbə həyatı vəd edirik. Tələbələrimizə müasir dövrün çağırışlarına uyğun ali təhsil verməyə və onları əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar kimi yetişdirməyə çalışırıq.

 İdarəçilikdə ictimai iştirakçılıq

 Yüksək intellektli, dərin savadlı, geniş dünyagörüşlü və əsl vətənpərvər mütəxəssislər yetişdirməyi hədəflədiyimiz MDU-da idarəetmə prosesində tələbələrin bərabərhüquqlu iştirakına şərait yaradılmışdır. Belə ki, tələbələrimiz MDU Elmi Şurasında, fakültə elmi şuralarında, imtahan qərargahında və apelyasiya komissiyasında təmsil olunurlar.

Eyni zamanda valideynlərin, ictimaiyyət nümayəndələrinin, gənclər təşkilatlarının, kütləvi informasiya vasitələrinin və QHT-nin MDU-nun cari idarəetmə prosesi ilə yaxından tanış olmasına, fəaliyyətimizdə ictimai nəzarətin təmin olunmasına mühüm əhəmiyyət veririk. Universitetin idarə edilməsində şəffaflığın və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə ilk dəfə olaraq 2019-cu ilin dekabrında MDU-nun İctimai Nəzarət Şurası yaradılmışdır.

 Struktur islahatları

 Son illər milli ali təhsil sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, dünya ali təhsil məkanında baş verən dəyişikliklər və universitetlərin cəmiyyət həyatındakı missiyasının köklü şəkildə yenilənməsi universitetlərdə müasir idarəetmə metodlarının tətbiqini zərurətə çevrilmişdir. Bu kontekstdə idarəetmənin səmərəliliyinin yüksəldilməsi, qərar qəbuletmə və icra prosesində çevikliyin artırılması məqsədilə 2019-cu ildə MDU-da mövcud strukturun təkmilləşdirilməsi qərara alınmışdır.

Struktur dəyişiklikləri universitetdə tədris prosesinin daha səmərəli təşkilini, idarəetmə prosesində paralelliyin aradan qaldırılmasını, elmi fəaliyyətin səmərəliliyinin artırılmasını, innovasiyalar sahəsində işlərin daha effektiv əlaqələndirilməsini, beynəlxalq əməkdaşlığın genişləndirilməsini və ictimaiyyətlə əlaqələrin müasir tələblər səviyyəsində qurulmasını hədəfləyir. İslahatlar nəticəsində universitetdə Tədris şöbəsi, Magistratura və doktorantlarla iş şöbəsi, Elm və innovasiyalar şöbəsi, Beynəlxalq əməkdaşlıq ofisi, İnsan resursları şöbəsi, İctimaiyyətlə əlaqələr şöbəsi və dəftərxana yaradılmışdır.

 Əməkhaqlarında əhəmiyyətli artım

 Dövlət başçısının tapşırıqlarına əsasən universitet əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Mövcud və potensial maliyyə imkanları təhlil edilməklə, 1 sentyabr 2019-cu il tarixdən MDU-da əməkdaşların aylıq əməkhaqqı orta hesabla 15 faiz artırılmışdır. Eyni zamanda universitet üzrə tədris prosesində iştirak edən professor və müəllim heyətinin saathesabı dərs üçün əməkhaqları 1 sentyabr 2019-cu il tarixdən təxminən iki dəfə artırılmışdır. Əməkdaşlarımız tərəfindən rəğbətlə qarşılanan əməkhaqqı artımları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ali təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğının nəticəsində mümkün olmuşdur.

 Elmi fəaliyyətə innovativ yanaşma

 Universitetdə elmi tədqiqatların məzmununu təkmilləşdirməyi, nəticəyönümlü və ölçüləbilən elmi fəaliyyətin təşkilini hədəfləyirik. Bu məqsədlə, Təhsil Nazirliyi tərəfindən icra edilən "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsindən faydalanmağı nəzərdə tuturuq. İlk addım olaraq 2019-cu ildə layihə ekspertləri tərəfindən MDU-da "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması” mövzusunda təlim seminarı keçirilmişdir.

2019-cu ilin dekabrında MDU-da keçirilən "Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransı ali təhsil və elm ictimaiyyətin yüksək diqqət və böyük marağına səbəb olmuşdur.

Orta təhsil müəssisələri ilə əməkdaşlığın inkişafına və şagirdlərin tədqiqat fəaliyyətinə cəlb olunmasına xüsusi əhəmiyyət veririk. Bu yöndə atılan ilk addımlardan biri kimi, Təhsil Nazirliyinin "Kiçik akademiya”lar proqramı çərçivəsində Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseylə birlikdə təşkil etdiyimiz "Elmin zirvəsinə gedən yol” mövzusunda elmi-nəzəri konfransı qeyd etmək olar.

 Qarşılıqlı faydalı tərəfdaşlıq konsepti

 Qarşımıza qoyulan hədəflərə çatmaq və MDU-nu yeni dövrün tələblərinə uyğun ali təhsil müəssisəsinə çevirmək məqsədilə ölkəmizin qabaqcıl universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına mühüm önəm veririk. Bu konseptin reallaşdırılması istiqamətində ilkin mərhələdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti ilə Anlaşma memorandumları imzalanmış və potensial əməkdaşlıq istiqamətləri razılaşdırılmışdır. İlk olaraq hər üç universitetlə tələbə və müəllim mübadiləsinə start verilməsi nəzərdə tutulmuşdur.

2019-cu ilin noyabrında MDU-da Azərbaycan Texniki Universiteti ilə birlikdə "Sosial-İqtisadi İnkişafın Dayanıqlı Enerji Təminatı: universitet - sənaye işbirliyi və innovativ kadr hazırlığı” mövzusunda I Regional elmi-texniki konfrans keçirilmişdir. Tədbirdə energetika sisteminin kadr təminatında universitetlərin rolu, energetikanın müasir problemləri və digər mövzularda müzakirələr aparılmış, potensial əməkdaşlıq imkanları müəyyən edilmişdir.

2019-cu ilin dekabrında MDU ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Əməkdaşlığın MDU-da kadr hazırlığının modernləşdirilməsinə mühüm töhfələr verəcəyi, eləcə də İnnovasiyalar Agentliyi ilə Mingəçevir Yüksək Texnologiyalar Parkında birgə yaratdığımız "Simbioz” texnoloji biznes inkubatorun fəaliyyətində tələbə və müəllimlərimizin fəal iştirak edəcəyi qənaətindəyik. Bu əməkdaşlıq universitet - sənaye işbirliyinin yaradılması, MDU-nun startap ekosistemindəki iştirakının genişləndirilməsi, tələbə-gənclərin biznes ideyalarının və innovativ təşəbbüslərinin dəstəklənməsi baxımından böyük imkanlar vəd edir.

Eyni zamanda tələbələrimizdə təcrübi vərdişlərin inkişaf etdirilməsi və onların əmək bazarına daha yaxşı hazırlanması üçün Mingəçevir Sənaye Parkına mütəmadi ekskursiyalar təşkil edirik. Parkın rezidenti "Mingəçevir Tekstil” MMC-nin müvafiq əməkdaşları universitetimizdə tədris prosesinə fəal cəlb olunurlar.

 İctimai fəallıq

 BDU-nun 100 illik yubileyinə həsr olunan növbəti tədbirin 2019-cu ilin 30 sentyabrında MDU-da keçirilməsi professor-müəllim və tələbə heyətimiz üçün mühüm hadisə kimi yadda qalmışdır. Sevindici haldır ki, BDU-nun 100 illik yubileyi münasibətilə bu universitetin məzunları arasında elan edilmiş "BDU xatirələrdə” yazı müsabiqəsində MDU-nun əməkdaşı birinci yerə layiq görülmüşdür.

Ölkə rəhbəri tərəfindən elan olunmuş "Nəsimi ili” çərçivəsində MDU-da çoxsaylı tədbirlər keçirilmişdir. Kollektivimiz Nəsiminin 650 illik yubileyi münasibətilə Mingəçevirdə keçirilən ümumşəhər tədbirlərində də yaxından iştirak etmişdir. Universitetimiz Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçirilən "Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı”na qatılmışdır. MDU Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə də qoşulmuşdur.

 Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və könüllülük fəaliyyəti

 Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması əsas prioritetlərimizdəndir. Bu yöndəki fəaliyyətimizin nümunəsi kimi 24 dekabr 2019-cu ildə universitetimizdə "Vətənpərvərlik - Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilmişdir. Mingəçevir Şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Peşə məktəbi ilə birgə təşkil etdiyimiz tədbirin əsas məqsədi tələbə-gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda dövlətimizə və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması olmuşdur. Aprel döyüşləri şəhidlərinin valideynlərinin, Aprel döyüşləri şəhidinin övladının və həmin döyüşlərin iştirakçılarının qatıldığı tədbirdə müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin böyük hörmət və ehtiramla anıldığı bildirilmiş, şəhidlərimizin keçdiyi şərəfli yolu öyrənməyin və təbliğ etməyin vacibliyi diqqətə çatdırılmışdır.

Paralel olaraq tələbələrimizin könüllülük fəaliyyətinə aktiv cəlb olunması üçün lazımi şəraiti yaradırıq. Bu istiqamətdə daha çox Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü Proqramının və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) "ASAN Könüllüləri” təşkilatının təqdim etdiyi imkanlardan faydalanırıq.

 "ASAN xidmət”lə birgə layihələr

 MDU-da şəffaf idarəetmə mexanizminin yaradılması və tələbələrimizdə innovativ bacarıqların inkişafı baxımından "ASAN xidmət”lə əməkdaşlıqdan gözləntimiz çoxdur. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan Mingəçevir "Asan Həyat” Kompleksi ilə ilkin təmaslar qurulmuşdur. İlk addım olaraq, MDU "ASAN Könüllüləri” Təşkilatı və "Coca-Cola” fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən "ASAN İnkişaf Modeli - Qadınların işgüzar inkişafı” mövzusunda təlimlərə dəstək vermişdir.

 Beynəlxalq əməkdaşlıqda prioritetlər

 Xarici universitetlərlə əməkdaşlığın inkişafına və bu yöndə Erasmus+ proqramının imkanlarından faydalanmağa çalışırıq. Hazırda tələbələrimiz Erasmus+ proqramı çərçivəsində İspaniyanın Vallodolid Universitetində təhsil alır. MDU "Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” mövzusunda Erasmus+ layihəsində fəal iştirak edirlər.

MDU 2019-cu ildə Bolonya prosesi üzrə İşçi Qrupunun növbəti iclasında (Helsinki), X Rusiya-Azərbaycan Regionlararası Forumunda (Moskva) və "Ali təhsil islahatları ekspertlərinin illik konfransı”nda (Praqa), eləcə də İsveçdə, Koreyada, Litvada və Ukraynada keçirilmiş beynəlxalq təlimlərdə təmsil olunmuşdur.

 Mükafatlar və nailiyyətlər

 Təhsil nazirinin əmri ilə 2019-cu ilin oktyabrında 2 əməkdaşımızın "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 5 əməkdaşımızın isə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunması kollektivimiz tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-cu ildə keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi” VI Ümumrespublika bilik yarışında MDU 8-ci yeri tutmaqla, 49 ali təhsil müəssisəsi arasında 14-18-ci yerləri bölüşmüşdür.

2019-cu ildə 4 tələbəmiz Təhsil Nazirliyinin təsis etdiyi "Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. 4 tələbəmiz və 1 əməkdaşımız Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin, 1 tələbəmiz BP şirkəti tərəfindən Azəri-Çıraq-Günəşli layihəsinin 25 illiyi münasibətilə keçirilən müsabiqənin qalibi olmuşdur.

Yeni dövrün reallıqlarına və kreativ düşüncəli tələbə kontingentinin istəklərinə uyğunlaşmağa çalışdığımız fəaliyyətimizdə dövlətimizin, o cümlədən Təhsil Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və digər tərəfdaşlarımızın davamlı dəstəyindən faydalanırıq. Məhz bu dəstək və qarşılıqlı faydalı əməkdaşlıq formulu elm, təhsil və innovasiyaların üzvi vəhdətinə əsaslanan müasir və rəqabətqabiliyyətli universitetin qurulmasına şərait yaradır.

 Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru